Vaxt.Az

Ukrayna ilə bağlı video-konfrans


 

47 ölkədən 20-si Ukraynaya yeni hərbi yardım paketi vəd edib

Ukrayna ilə bağlı video-konfrans 20 ölkə Rusiyanın müdaxiləçi qüvvələrinə qarşı döyüşən Ukraynaya yeni hərbi yardım göstərilməsinə dair razılığa gəlib. Bunu mayın 23-də Ukrayna Kontakt Qrupunun ikinci görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.

Xəbərdə deyilir ki, Danimarka Ukraynaya özünün dəniz sahilini müdafiə edə bilməsi üçün “Harpoon” qurğusu və bu qurğu üçün raketlər verəcəyini bildirib.

Videobağlantı formatında keçirilən görüşdən sonra mətbuat konfransında çıxış edən Ostin bildirib ki, Çex Respublikası da Ukraynaya döyüş helikopterləri, tanklar və raket sistemləri də daxil “əhəmiyyətli dəstək” vəd edib.

Ostin bildirib ki, ümumilikdə 20 ölkə “yeni təhlükəsizlik paketləri” elan edib.

Nazir xatırladıb ki, söhbət Ukraynanın son dərəcə ehtiyacı olan artilleriya sursatından, sahil müdafiə sistemlərindən, tanklardan və zirehli texnikadan gedir.

***

Ostinin sözlərinə görə bir sıra başqa ölkələr də Ukrayna qüvvələrinin təliminə və hərbi sistemlərə xidmət göstərilməsinə dair yeni öhdəliklər götürüb.

ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Mark Mili Ukrayna Kontakt Qrupunun ikinci görüşünə 47 ölkənin qatıldığını bildirib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov iştirakçıları üç aydır davam edən müharibədəki vəziyyət barədə məlumatlandırıb.

Lloyd Ostin bu barədə deyib: “Bu gün biz nazir Reznikov və onun komandası ilə birlikdə Ukraynanın prioritet tələbləri və döyüş meydanındakı vəziyyət barədə dəqiq məlumat əldə etdik”.

***

Ostin deyib ki, qrupun ABŞ-ın Almaniyadakı hərbi-hava bazasında dörd həftə bundan əvvəl keçirilmiş ilk görüşündən bəri vəd edilən və artıq çatdırılan hərbi yardımların miqyası misilsiz olub.

Onun sözlərinə görə birinci görüşdən bəri Ukraynanın ehtiyacları elə də dəyişməyib və müharibə artilleriya, tank, dron və başqa texnikanın iştirakı ilə davam edir: “Bu mərhələdə döyüşün taleyini artilleriya həll edir və biz son həftələrdə qarşılıqlı artilleriya atışmalarını müşahidə edirik”.

Pentaqonun rəhbəri əlavə edib ki, Ukrayna Kontakt Qrupunun növbəti görüşü üzvlərin fiziki iştirakı ilə iyunun 15-də NATO-nun Brüsseldə keçiriləcək nazirlər müşavirəsində baş tutacaq.

General Mili isə Rusiyanın Ukraynaya müdaxiləsindən bəri ABŞ qüvvələrinin Avropada artan mövcudiyyəti barədə son məlumatları bölüşüb.

O deyib ki, ötən payızda regionda 78 min ABŞ hərbçisi vardısa, indi onların sayı 102 min nəfərə çatıb.

Bundan başqa Avropa regionuna 24 gəmi, dörd sualtı qayıq, 12 qırıcı eskadronu, iki döyüş aviasiyası vahidi, altı döyüş briqadası komandası gətirilib.

 





24.05.2022    çap et  çap et