Vaxt.Az

Bu dəfə prezident sarayına giriş kəsilib


 

İrəvanda etirazçılarla polis arasında qarşıdurma yaranıb

Bu dəfə prezident sarayına giriş kəsilib Bu gün (mayın 25-də) səhər tezdən İrəvanda müxalifət tərəfdarları Prezident sarayına girişi kəsiblər. Onlar Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsində siyasətilə əlaqədar istefasını tələb edirlər. Nümayişçilər Fransa meydanı yaxınlığında yerləşən prezident idarəsinin binasına gediblər. Bir neçə həftə öncə müxalifət tərəfdarları bu meydanda çadırlar qurmuşdular.

Prezident Vaaqn Xaçatryan mayın 21-dən Davosda Dünya İqtisadi Forumunda iştirak edir.

***

Bu gün Prezident sarayına girişi bağlayan etirazçılarla polis arasında qarşıdurma yaranıb. Etirazçılar binaya daxil olmaq istəsələr də, onların yoluna polis kordonu düzülüb.

“Mübarizə dayanmayacaq, o, erməni xalqının rifahı uğrunda gedir”, – etiraz hərəkatının lideri, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan deyib.

Müxalifət aprelin sonundan İrəvanda etiraz aksiyaları keçirir, Paşinyanın istefasını tələb edir. Onlar baş naziri Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana birtərəfli güzəştlərə getmək niyyətində ittiham edirlər.

Hakimiyyət isə ittihamları rədd edərək bildirir ki, sülh danışıqlarında, yekun status məsələsində Dağlıq Qarabağ ermənilərinin hüquqlarını müdafiə edəcək. Hakimiyyət təmsilçiləri həmçinin bildirirlər ki, etirazçıları əhalinin geniş təbəqəsi dəstəkləmir.

***

Etirazlar vaxtı müxalifət fəalları İrəvanda nəqliyyatın hərəkətini məhdudlaşdırıb, bir sıra administrativ binalara girişi əngəlləyib. Bu gün səhər onlar parlament binasına da yaxınlaşıblar, amma polis etirazçıları binanın yerləşdiyi Demirçyan küçəsinə buraxmayıb.

Dünən – mayın 24-də etirazçılar XİN-in binasına girişi bağlamışdılar.

İrəvanda etirazlar Ermənistan-Azərbaycan danışıqları fonunda baş verir. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ Şurasının başçısı Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər. Görüşdən bir gün sonra tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiya yaradıb, dünən isə komissiya sədrləri bir araya gəliblər.

Ermənistan müxalifəti bu prosesi İrəvanın Dağlıq Qarabağın Azərbaycandan kənar statusundan imtinası kimi yozur, Bakı ilə əldə olunan razılaşmaları “antierməni” hesab edir.

 





25.05.2022    çap et  çap et