Vaxt.Az

Zəncanın simvolunun dağılmaq təhlükəsi


 

UNESCO-nun siyahısına düşən 700 yaşlı Sultaniyyə türbəsinin divarlarında dərin çatlar yaranıb

Zəncanın simvolunun dağılmaq təhlükəsi Güney Azərbaycanının Zəncan vilayətində yerləşən Sultaniyyə günbəzi və ya Olcaytu Xudabəndə türbəsinin son illər ərzində çoxlu zədə aldığı bildirilir.

Yarı-rəsmi İSNA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Elxanlılar hökuməti dönəmindən qalan Sultaniyyə türbəsi dünya mədəni irs siyahısında qeyd ediləndən sonra binaya qarşı laqeydlik nəticəsində həmin tarixi abidəyə çoxlu ziyan dəyib. Binanın divarlarında və çatısında yaranan çatlar, bəzi insanların şüursuz rəftarları nəticəsində xarici divarlarında yaranan ziyanlar bu əhəmiyyətli və unikal tarixi abidəni pis vəziyyətə salıb.

İSNA-nın yayımladığı fotoreportajda 17 il öncə UNESCO-nun mədəni irs siyahısına salınmasına baxmayaraq, bu 20 ilə yaxın müddətdə heç bir ciddi təmir işinin aparılmadığı qeyd edilib. Binanın içində təmir üçün quraşdırılan tikinti iskeleləri uzun illər bu binada qalıb.

Həmin fotoreportajda ziyarətçilər ilə binanın tarixi divarları arasında hər hansı qoruyucu baryerin olmaması və istər istəməz toxunmaların nəticəsində binanın zədələnməsinə səbəb olur. Həmçinin divarlara elektrik kabelləri taxmaq üçün vurulan mıxlar binanın tarixi unikal dekorativ kərpiclərlərinə ziyan verib.

İran qəzeti Sultaniyyə günbəzi UNESCO-nun təhlükə altında olan binalar siyahısına salınacaqmı? başlığı ilə həmin tarixi abidəyə laqeydlik haqqında məqalə dərc edib.

Mayın 25-də dövlətin rəsmi xəbər agentliyi İRNA-nın yayımladığı xəbərə görə, Zəncan vilayətinin Mədəni İrs İdarəsinin rəhbəri ölkədə Mədəni İrs Həftəsinin son günündə Sultaniyyə günbəzinin cənub eyvanının birinci mərtəbəsində bərpa və təmir işlərinin başladığını bildirib.

Sultaniyyə türbəsi Elxanlı sülaləsinin 8-ci hökmdarı Sultan Məhəmməd Olcaytu xanın əmri ilə təxminən 700 il öncə tikilib.

 





26.05.2022    çap et  çap et