Vaxt.Az

Turist sayı ötən ilə nisbətən 2 dəfə artıb


 

Amma statistika pandemiyadan əvvəllə müqayisədə aşağıdır

Turist sayı ötən ilə nisbətən 2 dəfə artıb Karantin qaydalarının yumşaldılması, yeni turizm mövsümünün yaxınlaşması Azərbaycana gələn xaricilərin sayında da özünü göstərməkdədir. 2022-ci ilin ilk 4 ayında 151 ölkədən 330,6 min turist Azərbaycana səfər edib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çoxdur. Gələnlərin 26,2 faizi Rusiya, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin payına düşüb.

Bu müddətdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub.

Artıq yeni turizm mövsümü başlamaqdadır. Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir.

Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər.

Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 4 ayında da Azərbaycana gələn turistlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni, Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər.

 





26.05.2022    çap et  çap et