Vaxt.Az

Böyük Qayıdışa Ağalı kəndində start verildi


 

“Bir o qalıb ki, otuz ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, rahat yaşasınlar...”

Böyük Qayıdışa Ağalı kəndində start verildi Müstəqillik Günü ərəfəsində sizinlə Ağalı kəndində, dirçələn Ağalı kəndində görüşürük. Bunun çox böyük rəmzi mənası var. Bu gün hər bir Azərbaycan vətəndaşı görür ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.

Prezident İlham Əliyev bu fikri mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində deyib.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva kənddə yaradılan şəraitlə tanış olub, Ağalı kəndi sakinləri ilə görüşüblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük. Biz Ermənistana deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. “O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına – istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər... Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz... Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik?” – deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, biz isə bundan sonra müzəffər xalq kimi yaşayacağıq: “Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır – Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Dünən mən Zəngilan şəhərinin Baş planı ilə tanış oldum. Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir...”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Ağalı kəndinin yenidən qurulması ötən il başlayıb.  İndi 200 evdən ibarət gözəl kənd salınıb. Vaxtilə Ağalı kəndində yaşamış ailələrin sayı 200-dən çoxdur: “Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, otuz ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək”.

Prezident xatırladıb ki, keçən il Müstəqillik Günündə Ağdamda bu rayonun sakinləri ilə görüşü zamanı Ağdam şəhərinin Baş planı təsdiqlənmiş və şəhərinin yenidən qurulması işlərinə başlanılmışdı. Bu il də Müstəqillik Günü ərəfəsində Zəngilanda yenidən inşa olunmuş ilk kəndin açılış mərasiminə qatılıb: “Bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq otuz ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”.

 





27.05.2022    çap et  çap et