Vaxt.Az

SEPAH daha bir polkovnikini itirdi


 

Əli İsmayılzadənin ölümü barəsində ziddiyyətli xəbərlər var

SEPAH daha bir polkovnikini itirdi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 840-cı Qüds qüvvələri bölməsinin polkovniki Əli İsmayılzadə müəmmalı şəkildə ölüb. Məlumata görə, o, mayın 30-da Kərəc şəhərinin “Cahannuma” məhəlləsində öz evində öldürülüb.

Ə. İsmayılzadə bundan öncə mayın 22-də Tehranda öz evinin qarşısında güllələnərək öldürülən polkovnik Həsən Səyyad Xudayinin yaxın silahdaşlarından biri olub.

Polkovnik Əli İsmayılzadənin ölüm xəbərinin bir neçə gün təxirlə yayılmasından sonra İnqilab Keşikçiləri Korpusunun komandanlığı və İran rəsmiləri onun ölümü barəsində ziddiyyətli məlumatlar veriblər.

SEPAH nümayəndələri İsmayılzadənin ailəsindən ayrıldığı və sarsıntı keçirdiyi üçün intihar etdiyini, bəziləri isə evinin damından yıxıldığı üçün həyatını itirdiyini iddia edirlər.

Hökumətə müxalif qaynaqlar isə polkovnik Əli İsmayılzadənin İsrailə casusluqda şübhəli bilindiyi üçün SEPAH tərəfindən aradan götürüldüyünü bildirirlər.

Qeyd edək ki, bundan öncə mayın 22-də Əli İsmayılzadənin yaxın silahdaşı SEPAH-ın yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir.

 





03.06.2022    çap et  çap et