Vaxt.Az

Elin tərəzisi ...


 

... Yaxud ölçünün və ölçmənin dəqiq meyarı...

Elin tərəzisi ... Bir gəncin təsadüfən rastıma çıxan və elimizin bir adətinə - toylarda qohum-qonşunun, yaxınların bəyin boynuna hədiyyəlik parça salmaq gələnəyinə yetərincə yöndəmli olmayan münasibəti, ardınca da digər cavanların bəzilərinin həmin mülahizələrə məsxərəli yanaşmaq cəhdi sövq etdi ki, bu anlatmanı diqqətə çatdırım.

Ölçünün və ölçmənin ən üzdə olan meyarlarından biri TƏRƏZİdir. Həm də bu söz lap çoxdan rəmzləşib. 

“Tərəzi” deyəndə heç də həmişə iki gözü və pərsəngi, daşları olan bir sadə qurğu düşünülmür. 

“Elin gözü tərəzidir” söylənəndə GÖZ də dönüb olur tərəzi. 

Ədalətli qərarı sənin içərin çıxarmalı olanda VİCDAN əsas tərəzidir.

Vaxtı ölçəndə tərəzimiz SAATdır, günlərimizi, aylarımızı, illərimizi ölçən TƏQVİM digər bir tərəzidirsə, HƏRARƏTÖLÇƏN də ayrı bir növ tərəzidir  və belə-belə nə qədər sadalanası tərəzilər var.

Tərəzidən tərəziyə təfavüt var və ölçməsinə daha artıq etibar edilən etalon tərəzilər də elə həmin səbəbdən yaradılır.

Ancaq bütün tarix boyu yaradılmış növ-növ tərəzilərin içərisində ən dəqiqi, ən yüksəkdə dayananı ELdir. 

Elin gözü, Elin sözü, Elin qiyməti TƏRƏZİLƏR TƏRƏZİSİDİR! 

Xalq gələcəyə məktub kimi ötürdüyü heç bir sözü dönə-dönə sınaqlardan keçirməmiş demir, yaşayan heç bir vərdişi səbəbsiz yaratmır və ona görə də tarixini, fəlsəfəsini bilməyəndə elin yaşatdıqlarını, yaşamasını lazım bildiklərini inkar etməyə tələsməyək.

Şirvanda, Aran bölgəsində, bütövlükdə isə Azərbaycanın çox guşəsində tikmə sənətinin QURAMA deyilən bir qanadı olub. Əslində bu bizim elin yaratdığı və Qərbdəki abstrakt incəsənətin milli variantı idi. 

Müxtəlif tikiş işlərindən sonra evdə qalan ən müxtəlif parça kəsiklərini iriliyindən-xırdalığından asılı olmayaraq atmazdılar, bir-birinə tikərdilər və sanki uyuşmaz rənglərin qovuşuğundan gözəl mənzərə alınardı.

Bunu pərdə kimi də istifadə etmək olurdu, özünəməxsus bir tikmə, xalça kimi divardan da asardılar, müəyyən əşyaya örtük kimi də yararlanmaq və hətta xəfif baş yaylığı kimi işlətmək mümkün idi.

O parça qalıqlarını da bir-birinə hansı ardıcıllıqda bənd etmək zövq, qabiliyyət məsələsi idi. 

Yəni bu hərəkəti və adəti ilə el insanlara öyrədib ki, israfcıl olma, sənin gərəksiz saydığın hər nəsnədə həm bir işə yarayan faydalılıq ara və daim yox yerdən bir gözəllik, baxışları oxşayan tablo yaratmağa cəhd et. 

Toylarda xələt verilən parçalar da o cür. Orda bəlli bir meyar qoyulmayıb ki, verilən “xələt” – sovqat parça hansı ölçüdə olsun. Hər kəs imkanına görə öz parça hədiyyəsini verib və adil xalq bu gedişatda bərabərsizliyi itirməyi də ustalıqla bacarıb.

Yeni ailəyə həm də bu bir kömək idi. 

Nisbətən iri parçalar hansısa geyim tikmək üçün istifadə edilib, ölçüsü kiçik olan parçalar da təzə gəlinə, evdarlığa yeni başlayan xanıma bir növ ev tapşırığına çevrilib - başlayıb onlardan əlvan quramalar düzəltməyə.

...Mənim vaxtım həmişə azdır.

Ancaq zaman sərf edib bunları ona görə yazdım ki, gəncliyimiz əvvələn, hər sadə görünənin arxasında həmişə bir mənanın gizləndiyini unutmasın və onu görməyə çalışsın; ikincisi də, xalqın müdrikliyindən heç vaxt və heç vəchlə bədgüman olmasın!

El hansısa adətləri nəsil-nəsil ötürübsə, demək, hökmən burda məna, məntiq var, rişxənd etməyə tələsməyək və qətiyyən keçənlərimizin bizdən ağılsız olduğu xəyalına da düşməyək!

 





04.06.2022    çap et  çap et