Vaxt.Az

Təhsil nazirindən növbəti əmr


 

“Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları” təsdiqlənib

Təhsil nazirindən növbəti əmr Təhsil naziri Mikayıl Cabbarov “Vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə” yeni əmr imzalayıb. modern.az saytının məlumatına görə, əmrin məqsədi Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu prosesinin tənzimlənməsi və səmərəliliyinin yüksəldilməsidir.Bu əmrlə “Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları” təsdiqlənib. Eyni zamanda Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki müəyyənləşib.
Bakıda elə dövlət orqanları var ki, onların qəbul otaqları hər gün adamlarla dolu olur. Bəzən qəbula gələn vətəndaşlar çalışırlar ki, nazirin qəbuluna düşə bilməsələr də, heç olmasa şöbə müdirlərilə görüşsünlər. Amma heç də hamı buna nail ola bilmir. Günlərlə, həftələrlə, aylarla qəbul otaqlarına ayaq döyən vətəndaşın şikayətinə baxılmayanda o, çıxış yolu tapa bilməyib ya haqsızlıqla barışmalı olur ya da bəzi hallarda Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna məktub yazmaqla təsəlli tapır. Təhsil Nazirliyi də belə qurumlardan biridir. Xüsusilə keçmiş nazirin dövründə bu qurumda qəbul bürokratik əngəllərlə müşayiət olunurdu. Məsələn, Misir Mərdanovun özünün qəbul saatı olsa da (hər bazar ertəsi saat 15-dən 18-dək), sonuncu dəfə onun nazirlikdə vətəndaşları nə vaxt qəbul etməsinin şahidi olanlar yoxdur. Keçmiş nazir köməkçisi Rasim Süleymanov nazirin qəbuluna gələnləri müxtəlif aldadıcı sözlər və ya bəhanələrlə başdan edirdi.
İndi yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatından sonra baş verən kadr dəyişiklikləri, vətəndaşların qəbulu ilə bağlı təzə əmr vəziyyəti dəyişə bilər. Şübhəsiz, hər şey nazirin işindən və məmurlarla davranışından asılı olacaq.
 





10.06.2013    çap et  çap et