Nikol Paşinyanın bu yanaşması ABŞ, Avropa Birliyi, Böyük Britaniya, İsrail, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənir. Rusiya və İran isə buna qarşıdır. Eyni zamanda, Ermənistandakı revanşist qüvvələr, yəni Qarabağ klanı və Dağlıq Qarabağdakı ermənilərin bir hissəsi, erməni diasporundakı çoxluq Nikol Paşinyanın problemin həllinə olan bu yanaşmasına müxalif mövqe sərgiləyir.
Gördüyünüz kimi, qüvvələr nisbəti ciddi şəkildə Nikol Paşinyanın xeyrinədir. Ancaq Baş Nazirə qarşı olan müqaviməti də heç saymaq yanlış olardı. Ona görə də Nikol Paşinyan bu planı ehtiyatla həyata keçirməyə çalışır.
Ermənistan ya Türkiyə və Azərbaycanla anlaşmalıdır, ya da müharibənin yeni mərhələsi qaçılmaz olacaq. Yəni erməni xalqı sülh ilə müharibə arasında seçim etməlidir. Edibdir də. Nikol Paşinyana səs verməklə mövqeyini ortaya qoyub.
Ancaq dediyim kimi, ortada ciddi müqavimət də var. Bəs bu müqaviməti necə neytrallaşdırmaq olar? Mənim baxışıma görə, Nikol Paşinyan bu məsələni referenduma çıxarmaqla revanşist müxalifəti birdəfəlik susdura bilər. Əminəm ki, erməni xalqı Türkiyə və Azərbaycanla anlaşmağın tərəfdarıdır. Və bu məsələ ilə bağlı referendum keçirilsə, müxalifət biabırçı duruma düşəcək.
Nikol Paşinyan və tərəfdarları belə bir referendumun keçirilməsi haqqında düşünürmü? Məncə, yox. Hər halda mən Ermənistan mətbuatında belə bir şey görmürəm. Ancaq Azərbaycan tərəfi bu ideyanı “pas” kimi Ermənistan tərəfə ötürə bilər.
Təbii ki, bu təklifi irəli sürməzdən öncə Azərbaycan rəsmiləri Türkiyə ilə məsləhətləşmə keçirməlidir. Əgər belə bir təklifin Türkiyə və Azərbaycan adından səsləndirilməsi məqbul hesab olunarsa, bu məsələni gündəmə gətirmək olar.
Hazırda vəziyyət belədir ki, Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinin pozitiv şəkildə formalaşması prosesi Rusiyaya söykənən erməni müxalifətinin nəzarəti altındadır. Bu prosesi nəyin bahasına olursa olsun erməni müxalifətinin nəzarətindən çıxarmaq lazımdır.
Yəni prosesi öz axarına buraxmaq olmaz. Azərbaycanın və Türkiyənin ağıllı başları prosesə müdaxilə edib hadisələrin gedişini öz xeyrinə istiqamətləndirməyi bacarmalıdır. Bunun üçün də real imkanlar var. Bu imkanları əldən vermək olmaz.