Vaxt.Az

Kuklaçılar festivaldan qayıdıb


 

Müsyö Jordan və Dərviş Məstəli şah Tiflisdə “görüşüb”

Kuklaçılar festivaldan qayıdıb Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr tədbirindən uğurla qayıdıb. Belə ki, kollektiv üzvləri 1-5 iyun 2022-ci il tarixlərində Gürcüstanın Tilfis şəhərində baş tutan Birinci Beynəlxalq Uşaq və Gənclər Teatrları Festivalında iştirak edib.

Gürcüstan İncəsənət və Tədqiqatlar İnstitutu və Gənclər Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu teatr tədbiri Tilfis şəhər meriyası və YUNESKO-nun təhsil şəbəkəsinin dəstəyi ilə baş tutub.

Keçmiş ittifaq ölkələri ilə yanaşı İran və İsveçrə kuklaçılarının da təmsil olunduğu beynəlxalq tədbirin proqramında tamaşa nümayişləri ilə yanaşı müasir uşaq və kukla teatrlarının problemləri, ümumilikdə teatrın hazırkı vəziyyəti, uşaqların təhsil və tərbiyəsində teatrın rolu, eləcə də teatrın dünyada sülhün carçısı kimi çıxış etmək missiyası ətrafında panel müzakirələr də yer alıb.

Avrasiya Mədəniyyət Qovşağı - İpək Yolları təşəbbüslərinin inkişafı çərçivəsində reallaşan tədbirdə Beynəlxalq Teatr İnstitutu və Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) da geniş tərkibdə təmsil olunublar.

Kuklaçılar ilk festivalda teatrın repertuarındakı milli koloritli maraqlı tamaşalardan olan Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası ilə təmsil olunublar.

2012-ci ildən teatrın repertuarına daxil edilən tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyo, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Milli kukla teatrı elementləri ilə zəngin səhnə əsərində rolları Elmira Hüseynova, Səriyyə Mansurova, Elnur Abbasquliyev, İqbal Əliyev və Cavid Telman ifa ediblər.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi azərbaycanlı teatr təmsilçiləri festival proqramından kənar da çıxışlar ediblər. Belə ki, onlar  Gürcüstanın Marneuli şəhərinin azərbaycanlılar sıx yaşayan ərazilərində repertuarındakı müxtəlif tamaşalardan hissələr nümayiş etdiriblər.

Festivalın nizamnaməsində hər hansı nominasiya olmasa da azərbaycanlı kuklaçılar beynəlxalq tədbirdə fəal iştiraklarına, eləcə də milli kukla teatrı ənənələrinin yaşadılması və inkişafındakı xidmətlərinə görə Beynəlxalq Teatr İnstitutu və festivalın təşkilat komitəsinin diplomları ilə təltif olunublar.

 





05.06.2022    çap et  çap et