Vaxt.Az

Bakının dərdi var, Bakı xəstədir...


 

Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur

Bakının dərdi var, Bakı xəstədir... İstənilən şəhərdə aparılan tikinti insanların həyat və fəaliyyəti üçün bir mühit formalaşdırır. Ona görə də memarlıq incəsənətin bir növü kimi ictimai sənətdir. Şəhərdə aparılmış tikililərlə həmin dövrün zövqünü, baş verən hadisələri xarakterizə etmək olar. Bakıdakı tikililərlə istənilən şəxs idarəetməyə, qanuna münasibəti görə bilər. Bu gün isə memarlıqdan, incəsənətdən, zövqdən danışmaq yersizdir ona görə ki, gözümüz önündə baş verənlər ad tapmaq olmur.

Yaşlı nəsil yaxşı bilir ki, 1996-cı ildən başlayaraq telekanallarda dəfələrlə Bakıda aparılan xaotik, düşünülməmiş, gələcəkdə fəlakətlər gətirəcək tikinti anarxiyasından danışılıb, onlarla məqalə və müsahibələr verilib. Əməkdar memar rəhmətlik Emil Axundovun hansı qəzəblə baş verən tikinti vakxanaliyadan danışması, müsahibələri indiki kimi yadımdadır. Bu gün heç tikintilərin təhlükəsizlik qaydalarına cavab verməməsindən, yaşıllıqların məhv edilməsindən də yazmayacam, çünki daha elementar biabırçılıqlar var. Bizim adi qarışqalar qədər də ağlımız yoxdur. Əgər qarışqaların hərəkəti zamanı nizam-intizamı bizim şəhərdə hərəkətimizlə müqayisə etsəniz, Siz də bunun şahidi olarsınız.

Uzun illər idi ki, “Bakının Baş Planı” hazır olacaq nağıllarını eşidirdik. Ölkə Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə fəaliyyət istiqamətləri genişləndirilək Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildikdən dərhal sonra da ilk eşitdiyimiz tezliklə “Baş Plan olacaq” sözləri idi. Ancaq yenə heç nə olmadı. Əksinə, şəhərdə tikintiyə icazəni Bakı Şəhər İcra Hakimiyyəti verəndə bu qədər anarxiya yox idi. İndi isə tam dərəbəylikdir. Kim harada nə istəyir onu da tikir və heç kim sabahı fikirləşmir.

Bircə faktı Sizə göstərim. Bu günlərdə 5 nömrəli xəstəxanadan Həsənoğlu küçəsi ilə Təbriz küçəsinə gedərkən tıxaca düşdüm və ətrafa diqqətlə baxmaq imkanım oldu. Yolun solunda, sağında əvvəllər 3-4 mərtəbəli, çox sağlam, uşaqlar üçün həyətyanı sahəsi olan binalar sökülüb yerində 18-20 mərtəbəli binalar tikilir. Artıq tikilmiş binalar arasında bir santimetr də torpaq yoxdur və davamını da hazırlayırlar. Əgər orada 3-4 mərtəbəli binalar olarkən tıxac varsa sonrasını təsəvvür edin. Həsənoğlu küçəsinə sağda və solda paralel olan Koroğlu və Ağa Nemətulla küçələri də daim tıxac əlindən keçilməzdirsə indi tikintidən sonrakı vəziyyəti təsəvvür edin. “Pilot layihə” adı ilə 3-4 mərtəbəli evləri söküb yerində 18-20 mərtəbəli binaları tikirlər, infrastruktur isə eyni qalır. Eyni vəziyyət şəhərin 28 may metrosu ətrafı və bir çox digər yerlərindədir. İnsanların tıxaclarda saatlarla qalması cəhənnəmə, əgər yanğın, yaxud digər bədbəxt hadisələr olacağı təqdirdə nələrin yaşanacağını heç fikirləşən yoxdurmu. Yaxud, Bakının mülki müdafiəsini heç düşünən yoxdurmu?! Bu məsələnin hər gün aktuallaşdığını görməmək korluqdur. Bu cür onlarla misal göstərmək olar. Axı bunları görmək üçün xüsusi bilik, təcrübə lazım deyil. 

“Bakının dərdi var, Bakı xəstədir” və ona nə diaqnoz qoyan, nə də müalicə edən kimsə yoxdur...

 





06.06.2022    çap et  çap et