Vaxt.Az

Nazirdən qərar


 

Bəzi nağdsız ödənişlər də araşdırılacaq

Nazirdən qərar İqtisadiyyat naziri Mikayıl Cabbarov nağdsız hesablaşmaların həyata keçirilməsinə nəzarətlə bağlı dəyişiklik edib.

Bu barədə əldə etdiyi sənəddə bildirilir. Belə ki, nazirin imzaladığı 10 may tarixli qərarla “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli Qərarında dəyişiklik edilib.

Sənəddə qeyd edilir ki, nağdsız hesablaşmalara nəzarət zamanı aşağıdakı ödənişlərin nağdsız qaydada aparılması da araşdırılacaq:

ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər;

tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

Qeyd edək ki, nazirin bu qərarına qədər bu ödənişlər araşdırılırdı:


vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

“Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

təhsil haqlarının ödənilməsi;

turagentlərə ödəmələr.

 





07.06.2022    çap et  çap et