Vaxt.Az

Propaqandaçı “Ay savaşçısı”


 

Yaxud pis günlər yaxınlaşır, həmişə hazır olmaq lazımdır

Propaqandaçı “Ay savaşçısı” 90-cı illərdə komikslərə (manqalara) əsaslanaraq ekranlaşdırılan Yaponiya istehsalı “Sailor Moon” (Ay savaşçısı) animasiyası feminizm tarixində xüsusi önəmə sahibdir. Animasiyada feminizm düşüncələri aydın sezilir, üstəlik supergüclü qadınların ilk dəfə ekranlara gətirilməsi məhz bu animasiyanın adı ilə bağlıdır. Dünyanı xilas edən super güclü qadın obrazları, heç kimə ehtiyacı olmadan “öz ayağı üstündə duran” xanımlar, həyatını istədiyi tərzdə yaşayan qızlar və s. o dövr animasiya sahəsində inqilabi yenilik idi.

Daha sonra kinematoqrafiya sahəsində feminizmin güclənməsi ilə hərəkat genişləndi və indi qadın super qəhrəmanların sayı durmadan artmaqdadır. Ən son bir neçə gün əvvəl “Marvel”in yeni superqəhrəmanı 16 yaşlı Kamala Khan (Kəmalə Xan) ekranlara gətirildi. Kamalanın digərlərindən fərqi budur ki, o müsəlmandır (və ya müsəlman kimi təqdim edilir).

Hələ ki, sadəcə 1 bölüm yayımlanıb, ancaq izlədikdə açıq-aydın bir propaqanda aləti olduğu hiss edilir. Bölümün adı da düşündürücüdür. “Generation Why” (Niyə nəsli - Sorğulayan nəsil olaraq tərcümə etmək daha doğru olar, məncə) Yaratdığı mənzərənin fonunda bu adın qoyulmasını da anlamaq olur. Xüsusən də ailəsi ənənəvi müsəlman ailə olan qızın ailəsinə, daha doğrusu, ailəsinin inanclarından qaynaqlanan mədəniyyətinə münasibəti, ailəsinin qərar və yanaşmalarının təqdim edilmə şəkli, qızın "azadlıq" arzuları, müsəlman inancını müəyyən səviyyədə aşağılanması, geridəqalmış göstərilməsi, müsəlman deyə təqdim edilənlərin harama münasibətləri, haramlara qarşı 16 yaşlı qızını qorumağa çalışan ailənin bu fəaliyyətinin tənqid edilməsi, ailə qurmaq məsələsinə mənfi yanaşma, legitim – islami atribut və şüarların etibarsızlaşdırılması və s. nə desən, burada tapmaq mümkündür. 

“Netflix”, “HBO”, “Amazon Prime” kimi platformaların müsəlman deyib çəkdikləri rolların hamısı ya belədir, ya da bundan da betərdir. Əslində burada başqa bir şey gözləmək özü sadəlövhlük olardı. İslamı doğru göstərəcək, təbliğ edəcək deyillər, nə də olsa. İstənilən halda bunu ona görə yazıram ki, artıq vəziyyətin nə dərəcədə kritik olduğunu bunu oxuyanlar da bilmiş olsun. Belə kontentlərin gənc və uşaq yaş qrupu üçün nəzərdə tutulduğunu və onların gec ya tez hamımızın evinə girəcəyini (bəlkə də çoxdan girib artıq) nəzərə alsaq, nəticələri təxmin etmək üçün alim olmağa da ehtiyac yoxdur. 

Qısacası, “Winter is coming!” (Pis günlər yaxınlaşır və ya həmişə hazır olmaq lazımdır)

 





11.06.2022    çap et  çap et