Vaxt.Az

Lavrovun yanlışlıqları ...


 

... Yaxud yada düşən Brejnev

Lavrovun yanlışlıqları ... Dövlətlərarası münasibətlərdə anlaşılmazlıqlara diplomatlar aydınlıq gətirir. Onların izahını, yozumunu verir. Dövlət rəsmilərinin nəzərdə tutmadıqları fikirlərə münasibətləri qaydasına salmaq məqsədi ilə yozum verir. Bəs dövlətin xarici siyasətini icra edən bir qurumun başçısı, yaxud ölkənin baş diplomatı səhv etdikdə buna kim və hansı qurum düzəliş, yozum verir?

Belə hallarda mədəni dövlətlərin elə Xarici İşlər Nazirliyi uyğun təkzib və izahat verir.

Rusiyanın xarici işlər naziri son bir ayda çıxış və açıqlamalarında bir neçə dəfə belə yanlışlıqlara yol verib.

Bu il mayın əvvəlində o, faşist Almaniyasının başçısı Adolf Hitlerin yəhudi olduğunu, Ukrayna Prezidenti Vladimir Zelenskini də ona bənzədərək ziddiyyətli açıqlama vermiş, onun yəhudi olduğunu demişdi: “Mən səhv edə bilərəm, ancaq Hitlerdə də yəhudi qanı var idi”. Bununla o, antisemit kimi çıxış edib.

Rusiya hakimiyyəti ümumxalq səsverməsi ilə Prezidenti seçilən, öz dövlətinin ərazi bütövlüyü və suverenliyini müdafiə edən, başqasının torpaqlarına soxulmayan Zelenskini “nasist” sayır. Bu azmış kimi, Sergey Lavrov yəhudilərin özlərini “faşist” və “antisemit” olmaqda ittiham etməklə yanlışlığını düzəltmək əvəzinə yeni səhvlər edib.

Sergey Lavrov bu dolaşıq fikirlə az qala faşizmi yəhudilərin yaratdığını iddia etmək istəyib. Belə ehtimal etmək olar ki, beynəlxalq ictimaiyyət ona bir az da təzyiq etsə, o, Holokost soyqırımını da inkar edər.

Belə düşünmək olar ki, o, bu deyimi ilə sanki yəhudilərdən acıq çıxıb. 44 günlük müharibə zamanı İsrailin Azərbaycanı dəstəkləməsi də onun xoşuna gəlməyib. Elə Ukrayna müharibəsində də İsrail bu ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Ona görə də Sergey Lavrovun Yevgeni Primakov kimi erməniliyə simpatiyası olduğunu düşünmək olar.

İsraildən də ona cavab gecikmədi. Ölkənin xarici işlər naziri Yair Lapid Lavrovun açıqlamasına belə münasibət bildirmişdi: “Bağışlanmayan, hədsiz və kobud tarixi səhv”.

Düzdür, bundan sonra Rusiya Prezidenti Vladimir Putinin İsrail rəsmilərinə zəng etdiyinə dair xəbərlər də yayıldı. Ehtimal edildi ki, o, Lavrovun dediklərinə düzəliş verməyə çalışıb və s.

Başqa bir yanlışı isə o, Türkiyə səfərində sualdan yayınan zaman edib. O, jurnalistlərin Ukrayna limanlarının Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınması ilə bağlı verdiyi sualdan yayınaraq bu məsələdə “pis niyyət”lərinin olmadığını söyləmişdi.

Halbuki həmin mühasirə səbəbindən Yaxın Şərq ölkələrində taxıl qıtlığı yaranıb. Sergey Lavrov bunu pis niyyətlə etmədiklərini deməklə kimi aldatmaq istəyir, yaxud kimə yalan danışır? Adətən deyirlər ki, dil diplomata əsas fikrini gizlətmək üçün verilib. Ancaq Lavrovun açıqlamalarından belə çıxır ki, o, dildən yanlış danışmaq üçün istifadə edir.

Rusiya xarici siyasətini həyata keçirən nazirliyin rəhbəri başqa bir yanlışlığı iyunun 9-da İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında edib. Jurnalistin Xocalı rayonunun Fərrux kəndi ilə bağlı verdiyi təxribatçı suala yanlış və mahiyyəti üzrə olmayan cavab verdi.

Sergey Lavrov Fərrux kəndi ilə bağlı məsələnin delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu iddia etdi.

Bu nədir - Rusiyanın xarici işlər naziri bölgədə baş verənlərdən xəbərsizdir? Yoxsa, 2020-ci il noyabrın 10-u imzalanan bəyanatın müddəalarına, Rusiya və Ermənistanın üzərinə götürdükləri öhdəliklərə qarşı çıxır?

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Sergey Lavrovun mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib: "Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur".

Qərbdə Cənubi Qafqazın, Azərbaycanın xəritəsindən xəbərsiz, regionu tanımayan senatorlar və erməni lobbisinin tələsinə düşən dövlət, siyasi və ictimai xadimlər çıxışlarında ermənilərə havadarlıq edirlər. Belə düşünək ki, onlar bunu ermənilərdən pul qoparmaq və ya ABŞ vətəndaşı olan erməni seçicilərin səsini qazanmaq üçün edirlər. O zaman Sergey Lavrov niyə belə bir xətaya yol verir?

Bunun bir neçə səbəbi ola bilər:

1. 72 yaşlı Lavrov yorulub. O, bu vəzifədə 2004-cü ilin martından işləyir. Ona görə də ehtimal etmək olar ki, Ukrayna hadisələri onun da dincəlməsinə ciddi problem yaradıb. Yaşına görə yükü çoxdur.

2. Sergey Lavrov regionun xəritəsindən xəbərsizdir. O, kəndləri və ərazini tanımır. Düzdür, o, bütün kəndləri tanımağa borclu deyil. Ona görə azından bəhs edilən ərazi barəsində soruşa bilərdi.

3. Ermənistanda Sergey Lavrova tələ qurublar. O, bu tora düşüb. Qeyd edək ki, Lavrovu İrəvanda heç də sevgi ilə qarşılamayıblar.

4. Lavrov özünü keçmiş SSRİ lideri Leonid Brejnev kimi aparıb.

Sovetlərin birinci adamı Bakıya səfəri zamanı çıxışında Əfqanıstanla Azərbaycanı səhv salmışdı. O, bu çıxışı edəndə aşağı-yuxarı Lavrov yaşında olub.

Xatırladaq ki, Brejnev Bakıya sonuncu dəfə 1982-ci il sentyabrın 27-də gəlib. Buradan gedəndən sonra həmin il noyabrın 10-da 76 yaşında ölüb.

5. Rusiya XİN başçısı açıqlamasının fərqində olmadan Azərbaycan-Ermənistan münasibətində tərəflik nümayiş etdirib. O, sualı cavablandıranda bunun gündəlikdə olan məsələlərə aidiyyəti olmadığını, Azərbaycanın erməni vətəndaşlarının gələcəyinin də qarşılıqlı anlaşmadan keçdiyini deyə bilərdi. Ancaq Rusiya rəsmiləri, o cümlədən Sergey Lavrov çıxışlarında Azərbaycanın erməni vətəndaşlarını heç vaxt dilə gətirməməklə ermənilərlə azərbaycanlılar arasında yaxınlaşmanın yaranmasında maraqlı olmadıqlarını göstərirlər. XİN başçısı bu məsələnin həllini "delimitasiyaya" bağlamaqla vacib açıqlamanı verməyib. Bununla da Ermənistanın qondarma mövqeyini dəstəkləyib.

Xarici işlər naziri adi vəzifə deyil. O, müharibədən sonra fəaliyyət göstərəcək əsas orqandır. Müharibədən sonra Ukrayna ilə danışıqlara Lavrov başçılıq etməyəcək? Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə vasitəçi kimi Rusiya da siyasi meydandadır. Azərbaycanın ərazisindəki, iki ölkə arasında sərhədlərin müəyyənləşməsinə heç bir aidiyyəti olmayan məsələni dəyişik salan nazir hansı haqla vasitəçi olacaq? Hər halda, nazirin yanlışlıqları ilə bağlı qarşı tərəfin izahatına ehtiyac var...

 





11.06.2022    çap et  çap et