Vaxt.Az

Putin rusları müflis edir


 

Yeni qanun vətəndaşların əmanətlərini xəbərdarlıq etmədən müsadirə etmək hüququ verir

Putin rusları müflis edir Henri Kissincer bir müddət öncə Ukrayna savaşını dayandırmaq üçün Rusiyaya güzəştlər olunması təklifi ilə böyük qalmaqal yaratmışdı. İndi isə elə həmin Henri Kissincer Rusiyanın xeyrinə dediyi bütün fikirlərindən geri çəkildi.

Hazırda H.Kissincer hesab edir ki, Rusiya artıq strateji məğlubiyyətə uğrayıb. Və düşdüyü bu "quyu"dan daha heç vaxt çıxa bilməyəcək. 

Fransis Fukuyama isə əmindir ki, tezliklə Rusiyada hakimiyyət dəyişəcək. Çin Rusiyaya dəstəyini çəkir. Bundan sonra Rusiyaya ən çox təzyiq göstərən dövlət də elə Çin olacaq. Fukuyama hesab edir ki, Çin Rusiyanın enerji resurslarını dəyər-dəyməzinə almağa başlayacaq, özü varlanıb, güclənəcək, Rusiyanı isə istismar edib, səfillər ölkəsinə çevirəcək.

Ancaq bir maraqlı məqam da var. Rusiya artıq elə indidən səfillərin ölkəsinə çevrilməyə başlayıb. Prezident Vladimir Putinə Rusiya vətəndaşlarının maliyyə vəsaitlərinin dövlətin xeyrinə müsadirə etmək hüququ verən qanun qüvvəyə minib. 

Halbuki, Rusiyada vətəndaşların banklardakı əmanətləri bu qanun olmadan da yeni fırıldaq medodla əlindən alınmağa başlanmışdı. Artıq bir neçə həftədir ki, Rusiya vətəndaşlarının banklarda olan əmanətləri onların özlərinin icazəsi olmadan 1 dollar-60 rubl məzənnəsi üzərindən dollara çevrilir. 

Bundan narazı olan vətəndaşlar Rusiya banklarına gedərək, dollara çevrilmiş əmanətlərini elə dollar ilə almağa çalışırlar. Ancaq onlara əmanətləri verilmir. Çünki, Rusiyanın enerji resurslarından qazandığı və son bir ayda 65 faiz artmış maliyyə vəsaiti sadəcə, bank hesablarında görünür, yəni virtual paradan başqa bir şey deyil. 

Rusiyada isə dollar kütləsi yox deyiləcək səviyyədə qıtdır. Ona görə də, Kreml Rusiyanın virtual dollarını vətəndaşların real rublu ilə dəyişir. Vətəndaşları müflis edir. Yeni qanun isə Putinə onların əmanətlərini ümumiyyətlə, xəbərdarlıq etmədən dövlətin ehtiyacları üçün müsadirə etmək hüququ verir.

Hələ də Rusiyanın qüdrətinə, məğlubedilməzliyinə inanan varmı? Əgər, varsa, deməli, onlar dünyanın da, lap elə Cənubi Qafqazın da ciddi dəyişikliklər ərəfəsində olduğuna da yəqin ki, hələlik inanmazlar...

 





12.06.2022    çap et  çap et