Vaxt.Az

Burger yerinə dialoqunuzu yesinlər...


 

... Yaxud İstanbuldan Moskvaya “Happy meal” menyusu

Burger yerinə dialoqunuzu yesinlər... “McDonald’s”ı sevmirəm. Onun məşhur burgerlərindən ömrümdə 2 (!) dəfə yemişəm. İkisində də yeməyə başqa bir şey tapmadığım üçün. İkisini də Ankarada, Cinnah Caddesinin Hoşdere ilə kəsişməsindəki “McDonald’s” kafesində.

1994-cü il idi, söz verdim ki, bir daha əsla dilimə dəyməyəcək.

Dadı damaq zövqümə uyğun deyildi.

Sadəcə dadımı?...

***

Sovet imperiyası dağılmaq üzrə idi. 

Onun can verdiyi bir vaxtda – 31 yanvar 1990-cı ildə Moskvada, Puşkin meydanında SSRİ-də ilk “McDonald’s” kafesi açıldı.

Şaxtalı və boz bir gündə on minlərlə moskvalı Qorki küçəsi boyu uzunluğu bir kilometrə çatan növbədə kapitalizmin necə daddığını bilmək üçün səbrlə o anı gözləyirdilər.

İndiki nəsil o dövr üçün Moskvada ilk “McDonald’s”ın açılışının nə qədər böyük tarixi hadisə olduğunu bilməz.  

“McDonald’s” bir çağın – sosializmin sona çatması ilə yeni çağın – kapitalizmin başlanğıcının simvoluna çevrildi.

İmperiya planlı iqtisadiyyatdan sərbəst bazar təşəbbüsünə keçirdi.

Moskvada amerikan “fast food”unun açıldığı günlərdə Bakı matəm içindəydi.

20 yanvar faciəsindən on bir gün keçmişdi. 

Televizorlar işləmirdi. 

Axşamlar “Amerikanın səsi”ni dinləyirdim hamı kimi.

Moskvadan şən-şaqraq “burger ləzzətində” reportajlar yayınlanırdı.

Bakıya isə səssiz bir yas hökmrandı.

Kim bilir, bəlkə elə buna görə də sevmirəm “McDonald’s”ı – dadı da bərbaddır, xatirəsi də…

***

Ukraynanın işğalı ilə embarqo və sanksiyalar dalğasına “McDonald’s” da qatıldı.

Rusiyadan tamamən çəkildi.

Artıq nəinki burger, heç Coca Cola da yoxdur.

Moskvada yaşayan qədim bir yoldaşım var.

Aspirantura illərimizdə sol düşüncəli gözəl bir rus qızı idi.

Savaş başlayanda İrina K. arada yazırdı mənə.

“McDonald’s” bağlanandan bir müddət sonra yazdı ki, nəvəm “McDonald’s” istəyəndə nə cavab verəcəm.

TV kanallarından birində canlı yayında idim. 

Reklam fasiləsində “Hər fürsətdə nəvən üçün İstanbuldan “Happy Meal” menyusu göndərəcəm” yazdım.

Cavab vermədi, yəqin iynəli cavabımı anladı.

Buça faciəsində nə var, nə yox deyə yazdım İraya.

“Hər şey əladır” yazıb, sonuna təbəssüm smayliki qoydu.

Yenə heç nə demədim.

Bu gün istədim ona yazım.

Yazım ki, “Вкусно и точка” moskvalılara xeyirli olsun.

Ancaq vaz keçdim.

***

Bu gün Puşkin meydanında ilk “McDonald’s”ın yerində “Вкусно и точка” kafesini açdılar.

Nə qədər zövqsüz piarçı olmalısan ki, belə bir ad fikirləşən:

– Поехали во “Вкусно и точка”?

– Нет, лучше закажи нам картошку из “Вкусно и точка”.

Dialoqunuzu yesinlər...

Özü də burger yerinə... 

“Renault”un yerinə “Москвич”, “McDonald’s”ın yerinə “Вкусно и точка”.

Və bu keyfiyyətsizləşdirmə silsilə qaranlığa qədər davam edəcək…

 





13.06.2022    çap et  çap et