Vaxt.Az

Hədəf dövriyyəni 15 milyarda çatdırmaqdır


 

Zəngəzur dəhlizi 1.1 trilyon dollar ÜDM-si olan Türk dünyasını birləşdirəcək

Hədəf dövriyyəni 15 milyarda çatdırmaqdır 2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu Bəyannamə iki qardaş ölkə arasında strateji münasibətləri yeni mərhələyə qədəm qoymasına imkan yaratdı. Sabah bu tarixi sənədin imzalanmasının 1 ili tamam olur.

Bəyannamə hər iki ölkənin strateji münasibətlərinin daha dərinləşməsi baxımından vacib idi. Bu uzun müddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaratmaqdadır. Sənədin iqtisadi tərəflərinə gəldikdə, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. 

Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq yeni imkanlar yaradır. Qeyd edək ki, 2020-ci ildə 4 milyard 160 milyon dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bütövlükdə, pandemiyayadək son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur. Ötən il Türkiyə Azərbaycandan 8.5 milyard kubmetrdən artıq qaz idxal edib. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir.

Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin strateji əhəmiyyətini də artıracaq. 

Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaratmaqdadır.

 





14.06.2022    çap et  çap et