Vaxt.Az

Navalnı yoxa çıxıb


 

Rusiyalı müxalif siyasətçi həbsxanadan naməlum yerə köçürülüb

Navalnı yoxa çıxıb Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnının mətbuat katibi onun cəzaçəkmə koloniyasından naməlum yerə köçürüldüyünü deyir.

“Aleksey Navalnı 2 saylı Cəzaçəkmə Müəssisəsindən aparılıb. Onunla görüşmək istəyən vəkili saat 14:00-a kimi qəbulda saxlanılıb, sonra isə ona deyilib ki: “Bizdə burada belə məhbus yoxdur. Alekseyin hazırda harada olduğunu və hansı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bilmirik”, - deyə Kira Yarmış “Twitter” səhifəsində yazıb.

Navalnının hələ may ayında Moskva Şəhər Məhkəməsinin mart ayında mənimsəmə və hörmətsizlik ittihamları ilə ona yeni doqquz illik həbs cəzası verilməsinə qarşı işlə əlaqədar şikayəti rədd edildikdən sonra daha ağır şərtlərlə cəzaçəkmə müəssisəsinə köçürüləcəyi gözlənilirdi.

Buna qədər isə o, Moskvadan 200 kilometr şərqdə yerləşən Pokrov şəhərindəki cəzaçəkmə koloniyasında ayrı bir iş üzrə həbsdə idi. Navalnı daha əvvəl məhbusların işgəncələrə məruz qalması ilə tanınan bədnam həbsxanaya köçürülə biləcəyini bildirmişdi.

Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisi və onun tərəfdarları irəli sürülən bütün ittihamları rədd edərək, onların siyasi motivli olduğunu bildirir.

Navalnı Avropa laboratoriyalarının sovet tipli sinir agenti Noviçok kimi müəyyən etdiyi maddə ilə zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan ötən ilin yanvarında Moskvaya gələrkən həbs edilmişdi.

Məhkəmə onun öncə təyin olunmuş şərti azadlığa buraxılma şərtlərini pozduğuna görə 2,5 il həbs cəzasına məhkum edib. İlkin məhkumluq geniş şəkildə qondarma, siyasi motivli iş kimi qiymətləndirilir.

Beynəlxalq təşkilatlar Navalnını siyasi məhbus hesab edir. Avropa İttifaqı, ABŞ prezidenti Co Bayden və digər beynəlxalq rəsmilər Rusiya hakimiyyətindən 45 yaşlı siyasətçini azad etməyi tələb ediblər.

 





14.06.2022    çap et  çap et