Vaxt.Az

“Qoy Şolts gəlsin ...”


 

Zelenski Almaniya kanslerini “aydın mövqe” tutmağa çağırıb

“Qoy Şolts gəlsin ...” Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsu Ukrayna və Rusiya arasında müharibə barədə “daha aydın mövqe” tutmağa çağırıb. Zelenski iyunun 13-də Almaniyanın ZDF telekanalına müsahibəsində deyib: "Bizim ehtiyacımız var ki, kansler Şolts Almaniyanın Ukraynaya dəstək verməsinə əminlik yaratsın. Onun hökuməti qərara gəlməlidir: burada Ukrayna və Rusiya ilə münasibətlər arasında seçim alış-verişi ola bilməz”.

Zelenskinin bu bəyanatından əvvəl Olaf Şoltsun Ukraynada müharibə başlanandan bəri ilk dəfə olaraq Kiyevə səfər edəcəyinə dair söhbətlər yayılmışdı.

***

“Focus” internet jurnalı İtaliyanın “La Stampa” qəzetinə istinadən yazırdı ki, Şolts, habelə Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Dragi iyunun 16-da Kiyevə səfər edəcəklər.

Almaniyanın “Bild am Sonntag” qəzeti isə iyunun 12-də yazırdı ki, üçlüyün Ukraynaya Böyük yeddilərin G7 qrupunun iyunun sonunda keçiriləcək sammitindən əvvəl səfər edəcəyi gözlənilir.

Şolts iyunun 13-də bu xəbərlər barədə şərh verməkdən imtina edib. O bildirib ki, bu barədə sözçüsünün bir gün əvvəl verdiyi bəyanatda deyilir. Lakin onun sözçüsü xəbərləri şərh etməyib.

Bir neçə başqa Avropa liderləri, Almaniya müxalifətinin başçısı, Şoltsun öz hökumət nazirləri Ukraynaya Rusiya təcavüzü qarşısında dəstək ifadə etmək üçün Kiyevə səfərlər ediblər.

Lakin Şolts bildirir ki, o belə bir səfəri nə isə konkret bir bəyanatı olanda edəcək.

***

Almaniya Rusiyanın hücumu başlanandan bəri Ukraynaya nəzərəçarpacaq maliyyə və hərbi dəstəyi versə də, Şolts hökuməti həm ölkədə, həm də xaricdə bu köməyi çatdırmaqda lənglik göstərdiyinə görə tənqid olunur.

Şolts bu kimi tənqidləri dəf edərək bildirir ki, Almaniyanın Ukraynaya verəcəyi haubitsa topları dünyanın ən təkmil silahlarından biridir, amma bu silahdan istifadə üçün Ukrayna hərbçilərinin əvvəlcə təlim alması lazımdır.

Kansler deyib ki, onlara belə bir təlim artıq keçilir.

Lakin Zelenski müsahibəsində bildirib ki, Almaniyadan silahlar daha tez çatdırıla bilərdi:

“Düzünü desək Almaniya silahla təchizat məsələsində prosesə bizim bəzi qonşularımızdan daha sonra qoşulub. Bu bir faktdır”.

Ukrayna prezidenti əlavə edib ki, o kanslerin Ukraynaya məhz müharibə vaxtı gəlib dəstək ifadə etməsini istəyir.

Zelenskinin sözlərinə görə Almaniya həm Ukraynanın Avropa İttifaqına üzvlüyünü, həm də Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləməlidir.

O Şoltsu bu dəstəyi Ukraynaya gəlib şəxsən bəyan etməyə çağırıb.

***

Bu arada Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Twitter”də Almaniya hökumətinə müraciət edərək onu Ukraynaya Marder PDM-lərinin verilməsinə icazə verməyə çağırıb:

“Nə üçün siz ukraynalıların Donbasda qanının axıdıldığı bir vaxtda Rheinmetall şirkətindən alınması mümkün olan Marder zirehli transportyorlarının Ukrayna ordusuna verilməsindən imtina edirsiniz? Rusiyanın dağıdıcı müharibəsinin 109-cu günüdür. Niyə?”

Bundan əvvəl Almaniyanın “Rheinmetall” konserni Marder PDM-lərinin Ukraynaya verilməsi üçün modernləşdirildiyini bildirmişdi.

Lakin Almaniya hökuməti bu döyüş maşınlarının Ukraynaya verilməsi barədə qərarı hələ təsdiqləməyib.

İyunun 12-də “Der Spiegel” yazmışdı ki, Almaniya İspaniyaya Ukraynaya “Leopard 2 A4” tankalarının verilməsini qadağan edib.

İspaniya Ukrayna ordusuna Almaniyadan 1990-cı illərdə alınmış belə tanklardan 40-nın verilməsinə hazır idi.

“Der Spiegel”in iddiasına görə Almaniya İspaniyaya bildirib ki, belə bir addım Qərb müttəfiqlərinin Ukraynaya ağır tankların verilməməsinə dair guya yazılmamış razılaşmasına zidd olacağını bildirmişdi.

 





14.06.2022    çap et  çap et