Vaxt.Az

Etirazlar nazirin “başını yedi”


 

Sərt xətt tərəfdarı İbrahim Rəisi hakimiyyətə gələndən istefa verən ilk yüksək çinli

Etirazlar nazirin “başını yedi” İranın cənubundakı Əhvaz şəhərində təqaüdçülər və istefada olan dövlət qulluqçuları küçələrə çıxaraq ölkədə həyat şəraitindən, hökumətin problemi yoluna qoya bilməməsindən narazılıq bildirib.

İyunun 14-də Əhvaz valisinin idarəsi qarşısındakı aksiyadan yayılmış videoda nümayişçilər ölkə rəsmilərinin “yalanları” və “ikiüzlülüyünə” qarşı şüarlar səsləndiriblər.

“İmam Hüseyn barədə danışırsız, amma oğrular kimi hərəkət edirsiz”, – deyə etirazçılar İslam peyğəmbəri Məhəmmədin nəvəsi, üçüncü şiə imamı Hüseyn ibn Əlinin adını çəkiblər.

***

Hökumət iyunun 6-da minimum əmək haqqıyla təqaüdə çıxmayanların aylıq ödənişini 10 faiz artıracağını elan edib. Daha öncə isə 38 faizlik artım vəd olunmuşdu deyə, təqaüdçülər etirazlara çıxıb.

Artımı nəzərdə tutan qanun layihəsini deputatlar rədd etdiyindən daha aşağı artım qərarı verilib. Təqaüdçülər isə artımın hazırda 45 faizdən çox olan inflyasiya həddindən az olduğunu deyirlər.

Bir neçə gündür gedən etirazlarda adamlar gileylənirlər ki, hökumətin vədləri və bəyanatları onların və ailələrinin həyat reallığını əks etdirmir.

İyunun 14-də əmək naziri Höccətulla Əbdül Maliki istefa verib. O, minimum əmək haqqına əsaslanmayan təqaüdlərdə 10 faiz artımı dəstəkləyirdi.

Ancaq onun istefasının etirazlarla bağlı olub-olmadığı bəlli deyil. Aparıcı millət vəkillərindən biri isə iğtişaşlara nazirin “səriştəsizliyi”nin səbəb olduğunu deyirdi.

***

Əbdül Maliki sərt xətt tərəfdarı İbrahim Rəisi ötən il hakimiyyətə gələndən bəri istefa verən ilk nazirdir.

Onun iqtisadiyyat və məşğulluqla bağlı fikirləri dəfələrlə ekspertlər tərəfindən tənqid olunub, rişxənd edilib. O, vəzifəyə keçməzdən öncə deyirdi ki, istənilən adam 10 milyon rialla (31 dollar) biznes qura bilər.

Prezident Əbdül Malikinin istefasını qəbul edərək Məhəmməd-Hadi Zahidivəfanı müvəqqəti əmək naziri təyin edib.

Birləşmiş Ştatlar 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq Tehrana sərt iqtisadi sanksiyaları bərpa edib. Ağırlaşan iqtisadi durum xeyli sayda iranlını son aylar etirazlara çıxmağa vadar edib.

Bundan başqa, İran iqtisadiyyatı COVİD-19 pandemiyasından özünə gəlməyə çalışıb. Pandemiya nəticəsində azı 2 milyon iranlı işini itirib, istehlakçı qiyməti artıb.

Ölkədə etirazların çoxu amansızlıqla yatırdılıb.

 





15.06.2022    çap et  çap et