Vaxt.Az

İlk səfər Azərbaycanadır


 

ABŞ Dövlət katibinin köməkçisi regiona gəlib

İlk səfər Azərbaycanadır Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu gün, iyunun 15-də Azərbaycana gəlib. Onun iyunun 19-dək Azərbaycan, Gürcüstana və Ermənistanda səfərdə olacağı gözlənir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, K.Donfrid Bakıda olarkən (iyunun 15-də və 16-da) Prezident İlham Əliyev, digər hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfirliyin açıqlamasına görə, o, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair diplomatik səylərə ABŞ-ın dəstəyini bildirəcək: “Avropanın enerji təhlükəsizliyinə dəstəyini, transmilli təhlükələrə qarşı mübarizəni, fundamental azadlıqların dəstəklənməsi, ikitərəfli ticarətin və investisiyaların təşviqi sahəsindəki tərəfdaşlığı vurğulayacaq”.

İyunun 17-də Dövlət katibinin köməkçisi K.Donfrid Gürcüstana gedəcək və Prezident Salome Zurabişvilinin təşkil etdiyi Tiflis Beynəlxalq Qadın Konfransında nitq söyləyəcək.

K.Donfrid həmçinin, Baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək: “Kremlin Ukraynaya qarşı əsassız müharibəsini, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın davamlı dəstəyini müzakirə edəcək”.

Dövlət katibinin köməkçisi daha sonra iyunun 18-də Ermənistanın paytaxtı İrəvana səyahət edəcək, Baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək: “Dövlət katibinin köməkçisi ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək”.

 





15.06.2022    çap et  çap et