Vaxt.Az

Kibertəhlükəsizliyimiz zəifləyib


 

Bir il ərzində iki dəfədən artıq geriləmə pis əlamətdir

Kibertəhlükəsizliyimiz zəifləyib Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex) növbəti hesabatını açıqlayıb. Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı bu Milli İndeks hər il yenilənir.

Əvvəlki illərlə müqayisədə bu il Azərbaycanın vəziyyəti pisliyə doğru dəyişib.

 Belə ki, ölkəmiz 37.66 bal toplayaraq 85-ci pillədə qərarlaşıb.

Reytinqi formalaşdırmaq üçün adı çəkilən qurum 150 ölkədə kibertəhlükəsizliklə bağlı aşağıdakı istiqamətlər üzrə araşdırmalar aparıblar :

– Kibertəhlükəszilik sahəsində qanunvericilik;

– Kiberinsidentlər;

– Kiber sahədə təhsil;

– Xidmətlərin dayanıqlığı;

– İdentifikasiya;

– Fərdi məlumatların qorunması;

– Kiber hücumlara və təhdidlərə qarşı mübarizə;

– Kibercinayətkarlığa qarşı mübarizə və s.

Adı çəkilən qurumun açıqladığı reytinqdə ilk yerləri Yunanıstan, Litva, Belçika, Çexiya, Estoniya qazanıb. 

Ukrayna 24-cü, Rusiya 28-ci, Türkiyə 57-ci, Belarus 61-ci, Gürcüstan 62-ci, Qazaxıstan 70-ci  və Ermənistan 90-cı yerlərdə qərarlaşıblar.

Yeri gəlmişkən, qurumun hazırladığı hesabatdan görünür ki , Azərbaycanda rəqəmsal inkişaf səviyyəsi kibertəhlükəsizlik mühitini  xeyli qabaqlayır.

Xatırladıram ki, digər oxşar bir qlobal  reytinqdə,  BMT-nin ötən il açıqladığı reytinqdə Azərbaycanın kibertəhlükəsizlik  vəziyyəti yaxşılığa doğru dəyişmişdi, 190 ölkə arasında 40-cı yeri qazanmışdı. 

BMT hələlik cari il üçün kibertəhlükəsizlik reytinqini açıqlamayıb.

Kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Daxili İşlər Nazirliyi cavabdehdir.

Sektorda Prezident fərmanı əsasında formalaşdırılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir. 

Komissiyaya, hələlik Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis vəzifəsini icra edən general Mürsəl Vəliyev rəhbərlik edir.

Xatırladıram ki, Prezidentin müvafiq fərmanı ilə 4 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” da indiyədək qəbul edilməyib.

 





17.06.2022    çap et  çap et