Vaxt.Az

“Pullar vilayətdə qalsa, cənnətə dönər”


 

Təbrizdə başlayan vərəqlər aksiyası bütün Güney Azərbaycana yayılır

“Pullar vilayətdə qalsa, cənnətə dönər” Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində azərbaycanlı milli fəallar Güney Azərbaycanın sərvətlərinin və mədənlərinin “talan edilməsinə” etiraz edən vərəqələrin yayılması barədə xəbər vermişdik.

Sosial mediada paylaşılan xəbərə görə, azərbaycanlı milli fəalların Təbrizdə yaydıqları broşürda “Azərbaycanın sərvətlərinin və mədənlərinin talanması”, “milli fəalların hökumət tərəfindən həbs edilməsi”nə etiraz edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə broşürda Şərqi Azərbaycanın keçmiş valisi vilayətin Süngün mis mədəninin sərvətlərindən bəhrələnməməsi ilə bağlı açıqlamalarının yer aldığı göstərilib.

Şərqi Azərbaycanın keçmiş valisi Məhəmməd Rza Purməhəmmədi ötən ilin iyun ayında Fars Xəbər agentliyinə verdiyi müsahibədə Süngün mis mədənindən hasil edilən xam mineralların satışı ilə bağlı demişdi ki, “Hər gün Vərziqandan Kirmana 50 milyard tümən mis konsentratı gedir; eyni pullar vilayətin özündə qalsa, bura cənnət olar”.

Bu broşürda İranın keçmiş valisinin sözlərinə istinad edərək, Güney Azərbaycanın resurslarının İranın mərkəzi hökuməti tərəfindən “talan edilməsi” tənqid olunur.

İran İslam Respublikası hökuməti tərəfindən Azərbaycan milli mədəni fəalların saxlanması və həbs edilməsi də qeyd edilib. “Təəssüf ki, haqq səsimizi ucaldan bir sıra millətçilərimiz saxlanılıb və hələ də həbsdə qalmaqdadırlar. Biz hamımız bu zülmə qarşı çıxıb və Azərbaycanın milli dustaqlarına ürək və dəstək olmalıyıq”, – deyə broşürda qeyd edilib.

Son zamanlarda Vərziqan şəhərində yerləşən böyük Süngün mis mədənindən hasil edilən gəlirlərin bir hissəsinin Vərziqan şəhərinin əhalisinin rifahı və Şərqi Azərbaycan vilayətinin inkişafı üçün ayrılması mövzusu gündəmdə qalıb.

 





19.06.2022    çap et  çap et