Vaxt.Az

Azadlıqları təmin edəcək toplum


 

Güney Azərbaycan, yaxud Şərqin Ukraynası

Azadlıqları təmin edəcək toplum Son yüz ildə dünya siyasətinə ən çox təsir göstərmiş strateqlərdən biri Zbiqnev Bjezinski “Vaxtından əvvəl tərəfdaşlıq (“The premature partnership”) məqaləsində yazırdı: “Ukraynasız Rusiya imperiya olmayacaq”. Rusiyanın Ukraynanı rüşvətlə ələ ala bilmədikdən sonra hərbi yola əl atması da məhz yenidən imperiyaya çevrilmək istəyi ilə bağlıdır. Ukraynanın qələbəsi Rusiya imperiyasının bərpasının qarşısını həmişəlik almaqla yanaşı Cənubi Qafqazı da əhatə edən Şərqi Avropanın tamamilə Moskvanın təsir dairəsindən çıxmasına da səbəb olacaq.

Rusiyanın imperiya siyasəti Avropa üçün nə qədər təhlükədirsə, İranın ekspansiya siyasəti də Böyük Yaxın Şərq üçün bir o qədər təhlükəlidir. İranın ekspansiya siyasəti Böyük Yaxın Şərq kimi çox böyük coğrafiyada sülh və sabitliyin yaranmasına imkan vermədiyi kimi, dinlər və məzhəblər arası düşmənçiliyi də körükləyir. Belə vəziyyətdə isə dövlətlər hərbi məqsədlər üçün böyük vəsait ayırmaq məcburiyyətində qalırlar. Bu isə bölgədə sosial-iqtisadi vəziyyətin yüksəlməsinin qarşısını aldığı kimi, demoqrafik vəziyyətə də mənfi təsir edir və böyük köçlərə səbəb olur. Bu vəziyyəti ayrı-ayrı ölkələrə yardımlar etmək, iqtidarları dəstəkləməklə köklü şəkildə dəyişmək mümkün deyil.

Böyük Yaxın Şərqdə sülh və sabitlik İranın ekspansiya siyasəti ortadan qalxdıqda yarana bilər. İran kiçik imperiya olsa da, teokratik ideologiyaya malik olduğu üçün çox təcavüzkar dövlətdir və ekspansiya siyasəti aparır. Bu ekspansiya siyasəti isə İslam İnqilabının lideri Ayətulla Xomeyni tərəfindən işlənib-hazırlanan “Vilayəti-fəqih” nəzəriyyəsi ilə müəyyən olunub.  “Vilayəti-fəqihin” müsəlman dövlətləri və xalqları arasında möhkəm vəhdətin təmin etməyin yeganə yolu kimi İran rejiminin nəzərində müsəlman dünyasında hakim olan və Qərbin kuklası funksiyalarını icra edən mürtəce rejimlərin devrilməsidir. “Müsəlmanların vəhdət və hürriyyətini təmin edə bilmək üçün zalım, oyuncaq dövlətləri yıxmaq, onların yerində xalqın xidmətində dayanacaq adil bir İslam dövləti qurmaq lazımdır”.

Nüvə silahı əldə etmək cəhdinə görə tətbiq olunmuş sanksiyalar İran iqtisadiyyatına ağır zərbə vursa da, fars-molla rejimi imperiyanı qoruyub saxlamaq üçün ekspansiya siyasətini davam etdirəcək. Əgər Tehran rejimi nüvə silahı əldə etsə İran region üçün daha böyük təhlükəyə çevriləcək. Tehranda rejim dəyişikliyi də İran təhlükəsini aradan qaldırmaycaq.

Ukraynaya qarşı müharibənin sonunda Rusiya bir çox bölgələrdən, o cümlədən Suriyadan çəkilmək məcburiyyətində qalacaq. Rusiyanın çəkilməsi nəticəsində Yaxın Şərq və Suriyada yaranacaq boşluğu İran dolduracaq. Bu proses artıq başlayıb. Son üç ayda Rusiya ordusunun  və Hərbi-Hava Qüvvələrinin önəmli bir hissəsini Suriyadan çıxarıb. Rusiyanın boşaltdığı bölgələrə isə artıq İran qüvvələri yerləşdirilir. Bu isə Yaxın Şərqdə münaqişələri daha da tətikləyəcək və bütövlükdə Böyük Yaxın Şərqdə sabitliyin yaranmasına imkan verməyəcək. Çünki, uzun illər ərzində İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Suriyada özünün qeyri-rəsmi dövlət strukturlarını yaradıb. Bütün bunlar bölgədə köklü dəyişikliklər baş vermədən aradan qalxmayacaq.

İran da Rusiya kimi çoxmilllətli dövlətdir. Teokratik rejim uzun illər milli kimlik əvəzinə məzhəb kimliyin önə çəksə də, internetin yaratdığı imkan milli kimlik mübarizəsini önə çıxardı. Üstəlik də 85 milyonluq İran əhalisinin yarısının gəlirləri yoxsulluq həddinin altındadır. İnflyasiyanın 40 faizi keçməsi isə İranda yoxsulluğunun sürətlə artmasına səbəb olur. Belə bir vəziyyətdə İran qüdrətli dövlət kimi güclüdən yana olan kütlələrin gözündən düşür və mərkəzdənqaçmayı sövq edir.

Belə bir vəziyyətdə İranda ən böyük topluluqlardan biri olan, 85 milyonluq İran əhaliisnin 40 faizini təşkil edən Güney Azərbaycan türklərinin tarixinin səhnəsinə çıxması zaman məsələsidir. Belə olacağı halda İran İslam Respublikasının mövcud dövlət quruluşunu qoruyub saxlaması mümkün olmayacaq. Öz müqəddəratını təyinetmə hüququndan çıxış edən, qərbyönlü siyasi oriyentasiyaya malik dünyəvi dövlət quruluşunu özünün əsas məqsədi elan edəcək Güney Azərbaycan Böyük Yaxın Şərqin Ukraynası ola bilər.

Güney Azərbaycanın qərbyönlü dünyəvi dövlət yaratması Böyük Yaxın Şərqdə sülhün və sabitliyin, iqtisadi rifahın yolunu açacaq proses olacaq. Hətta bu hazırda yeganə yol kimi görünür. Azərbaycan türkləri İranda və bütövlükdə Yaxın Şərqdə yaşayan digər millətlərdən fərqli olaraq əsasını dünyəvilik təşkil edən respublika quruluşuna rəğbət bəslədiklərini ötən əsrdə dəfələrlə sübut ediblər.

Güney Azərbaycan türklərinin milli qəhrəmanı Səttar xanın rəhbərlik etdiyi, 1905–1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı və ya İran Konstitusiya inqilabı İranda ilk parlament ənənəsinin təməlini qoymuşdur. Rusiyanın İranda monarxiyanı qorumaq üçün hərbi müdaxiləsi olmasaydı, İranın və Qafqazın  taleyi, sərhədləri və dövlət quruluşu fərqli ola bilərdi.

Azərbaycan türklərinin Şeyx Məhəmməd Xiyabanin başçılığı altında İranda başlatdıqları demokratik haqlar uğrunda ikinci hərəkat da dünyəvi dövlət quruluşuna əsaslanan demokratik respublika quruculuğunu hədəfləyirdi. Şeyx Məhəmməd Xiyabani hesab edirdi ki, hər bir millətin şərəfinin birinci şərti onun istiqlalıdır. Ona görə 1920-ci ilin aprel və sentyabr aylarında Güney Azərbaycanda yaradılan respublikanın adı Azadıstan idi.

İkinci dünya müharibəsində Hitler Almaniyasının məğlub olması, müstəmləkə altında yaşayan bir çox xalqların azadlıq qazanması Güney Azərbaycanda müstəqillik hərəkatını yenidən alovlandırdı. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 21 Azər (12 dekabr) Hərəkatı da dünyəvi respublika uğrunda hərəkat idi.

Güney Azərbaycanın müstəqilik əldə etməsi, dünyəvi və demokratik respublikaya çevrilməsi Böyük Yaxın Şərqdə məzhəb savaşların aradan qalxacağına səbəb olmaqla yanaşı, İsrail və Fələstin arasında davamlı sülhə nail olmağa da imkan verəcək. Xüsusilə də İsrailin Azərbaycan Respublikası və müstəqillik əldə edəcək Güney Azərbaycanla dostluq münasibətləri bütün regiona təsir edərək yəhudi dövləti ilə İslam dünyası arasında sülhə və əməkdaşlığa yol aça bilər.

Böyük Yaxın Şərqdə etnik və məzhəb savaşlarının önünün birdəfəlik kəsilməsi bölgədə insan hüquqlarının önə çıxarılmasına bağlıdır. Bölgənin müasir tarixi göstərir ki, regiona azadlıqların gəlişini təmin edəcək toplum Güney Azərbaycandır.

Şərqi Avropanın azadlığı Ukraynanın azadlığına, müstəqilliyinə bağlı olduğu kimi, Böyük Yaxın Şərqin azadlığı, bölgədə sülh, sabitlik və rifahın yaranması Güney Azərbaycanın azadlığına bağlıdır.

 





21.06.2022    çap et  çap et