Vaxt.Az

Buzovnada Xəzər azad olur


 

Dəniz sahili villa və restoran sahiblərinin ortaq istifadəsi üçün hasarlanmışdı

Buzovnada Xəzər azad olur Bu gün, iyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxt Bakıdan 36 km məsafədə yerləşən Buzovna qəsəbəsindəki çimərlikdə vətəndaşların dənizə çıxışını məhdudlaşdıran hasarları sökməyə başlayıb.

Şikayətlərə görə, dəniz sahili sahilkənarı villa və restoran sahiblərinin ortaq istifadəsi üçün hasarlanmışdı.

Hasarların söküntüsü və sahilin təmizlənməsi yerli sakinlərin “Xəzərin Buzovna hissəsinin qanunsuz hasarlardan azad edilməsi” üzrə kampaniyaya başlamasından sonra başlayıb.

Bu ilin mayında Buzovnadan olan fəallar Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə əhalinin dənizə çıxışını bağlayan bir neçə hasarın sökülməsinə nail olub.

Fəal Seyfulla Azər bildirib ki, ərazisi qumlu sahilə, qayalıq massivə çıxan heç bir torpaq sahibi şəhərsalma və arxitektura haqqında qanuna riayət etmir.

Onun xatırlamasına görə, qanunvericiliyə əsasən, dənizin 20-50 metrlik zolağı özəlləşdirilə və ictimai istifadə üçün bağlana bilməz.

İyunun 12-də ictimai fəallar da bu məsələlərlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişdilər.

Hələlik, baş verənlərə hasarlanmanı aparan qurum və şəxslərdən isə münasibət almaq mümkün olmayıb.

 





22.06.2022    çap et  çap et