Vaxt.Az

Xankəndi sülhməramlılardan təhvil alınır?


 

Rusiya şəhəri xəritədən sildi

Xankəndi sülhməramlılardan təhvil alınır? “44 günlük müharibədən sonra Rusiya sülhməramlıları Qarabağdakı müvəqqəti nəzarət zonasına daxil olduqdan sonra, xəritələrlə bağlı bir neçə dəfə anlaşılmaz addımların şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, mütəmadi olaraq sülhməramlıların Qarabağda yerləşdikləri müvəqqəti nəzarət zonası ilə bağlı xəritə mütəmadi olaraq yenilənir”. Bunu hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, sülhməramlıların Xankəndidən çıxarılması üçün bütün addımları atılacaq: “Hər dəfə sülhməramlıların bu xəritə məsələsi ictimailəşdiriləndə, orada hansısa bir dəyişiklik olanda biz başlayırıq bunu müzakirə etməyə. Bu, bir növ Rusiyanın Azərbaycanın informasiya sahəsinə eyni zamanda təsir mexanizmidir. Yaddan çıxarmayaq ki, bu dəyişikliklər Rusiyanın Müdafiə Nazirliyinin saytında təqdim olunur.

Faktiki olaraq hazırda dünya müharibəsi gedir. Bunun regiona da təsiri var, ən azı informasiya sahəsində... Əgər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hər hansı bir xəritəni şərh edibsə, – misal üçün, elə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan xəritə olsun, - o zaman biz buna istinadən nəyisə müzakirə edək. Yoxsa, hazırda heç Azərbaycan MN-i öz şərhini vermədən mən istəməzdim ki, rusların hər bir addımını əhəmiyyətləşdirim. Mənim mövqeyim belədir.

Çünki orada həm doğru məlumatlar olur, həm yalan məlumatlar yerləşdirilir. Son 2 il ərzində şahidi olmuşuq ki, bir-iki dəfə hansısa xəritələri dərc edib, sonradan dəyişiblər. Ona görə bu xəritə məsələsinə bir az təmkinli yanaşmaq lazımdır.

Xankəndi ilə bağlı mən əminəm ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diplomatiyasının davranışı, ilk növbədə Azərbaycanın dövlət başçısının mesajları, eyni zamanda Silahlı Qüvvələrin davranışı, Komandanlığın həyata keçirtdiyi əməliyyatlar – həm işğaldan azad olunan istiqamətlərdə, həm dövlət sərhədində, bütün bunlar Rusiya sülhməramlılarının bu fəaliyyətsizliyi ilə müqayisə olunsa, mən əminəm ki, indi olmasa da hər hansı bir xəritə dərc olunsa da, olmasa da bu 5 illik müddət ki, var, ona 6 ay qalmış (3 ilə yaxın müddət qalıb – red.) Azərbaycan tərəfi Rusiya sülhməramlılarının oradan çıxarılması üçün bütün addımları atacaq”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adı silinib. 21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Halbuki, 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi “stepanakert” olaraq yazılırdı. Nəzərinizə çatdırım ki, Rusiya Müdafiə Nazirliyi xəritəni sonuncu dəfə 21 iyun 2022-ci il tarixində yeniləyib. (Milli.az)

 





22.06.2022    çap et  çap et