Vaxt.Az

İtaliyanın ən böyük partiyasında qalmaqal


 

“5 ulduz” hərəkatında Ukraynaya silah verilməsi məsələsinə görə parçalanma baş verib

İtaliyanın ən böyük partiyasında qalmaqal İtaliyanın ən böyük siyasi partiyası - “5 ulduz” hərəkatında Ukraynaya silah verilməsi məsələsinə görə parçalanma baş verib. İtaliyanın xarici işlər naziri Luici Di Mayo partiya fraksiyasını tərk edib.

İtaliya mediasının yazdığına görə keçmiş baş nazir Cuzeppe Kontenin rəhbərlik etdiyi partiyada əksəriyyətin fikrincə Ukraynaya silah-sursat verilməsi münaqişənin uzanmasına səbəb olur.

Avropa siyasətçilərinin arasında Ukrayna prezidenti Volodimir Zelenskinin ən qızğın tərəfdarlarından biri olan Di Mayo belə yanaşma ilə razılaşmır.

Xarici işlər naziri deyib ki, partiya fraksiyasını tərk etmək qərarını asan qəbul etməyib.

***

Onun sözlərinə görə partiyadaşları “tarixin hansı tərəfində - hücuma məruz qalmış Ukraynanın, yoxsa təcavüzkar Rusiyanın tərəfində olduqlarına dair qərarı çoxdan qəbul etməliydilər”.

Il Post qəzeti yazır ki, Di Mayo ilə birlikdə fraksiyanı 11 senator da daxil 62 millət vəkili tərk edə bilər.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Bild am Sonntag nəşrinə müsahibəsində deyib ki, Ukraynada müharibə illərlə davam edə bilər.

O müttəfiqləri Kiyevə bu müharibədə dəstəyi davam etdirməyə çağırıb.

Stoltenberqin sözlərinə görə müttəfiqlər NATO-nun Madrid sammitində Rusiyanın “partnyor” yox, “təhlükəsizlik hədəsi” adlandırılması barədə qərar qəbul edəcəklər.

Bu sammitdə habelə Ukraynaya daha çox silah-sursat verilməsinə dair qərarın qəbul ediləcəyi gözlənilir.

 





22.06.2022    çap et  çap et