Vaxt.Az

Almaniyada qaz həyəcanı


 

Hökuməti anbarları doldurmaq üçün 15 milyard avroluq kredit ayıracaq

Almaniyada qaz həyəcanı Almaniya Rusiyanın qaz təchizatını azaltmasına cavab olaraq üçhissəli fövqəladə planın ikinci mərhələsini işə salıb və Moskvanı “iqtisadi hücum”da ittiham edib.

İyunun 23-də işə salınmış plan qaz təchizatının kəsilməsi, yaxud qaza tələbatın çox yüksək olduğu hallar üçün nəzərdə tutulub. Bununla da Avropanın ən böyük iqtisadiyyatını qazı normayla verməyə bir addım yaxınlaşıb. Amma şirkətlərin enerjinin qalxan qiymətlərini istehlakçılardan istəməsinə icazə verməyib.

***

Almaniya və Avropanın bir sıra ölkələri Rusiyadan enerji idxalından çox asılıdırlar.

“Qaz hazırda Almaniyada çatışmayan məhsuldur”, – İqtisadiyyat naziri Robert Habek mətbuat konfransında jurnalistlərə deyib: “Baş verənlər “qaz təchizatı vəziyyətində ciddi pisləşmə”ni göstərir”.

Rusiyanın “Gazprom” enerji nəhəngi ötən həftə Almaniyaya Şimal axını kəməri ilə qaz tədarükünü 60 faiz azaldıb, təmir işləri getdiyini deyib.

Almaniya isə bu texniki izahı rədd edib.

***

“Baxmayaraq ki, hazırda bazarda qaz tədarük edərək saxlamaq mümkündür, vəziyyət ciddidir və qabaqdan qış gəlir. Özümüzü aldatmamalıyıq: qaz təchizatını kəsmək Putinin iqtisadi hücumudur. Aydındır ki, bu, Putinin təhlükə yaratmaq strategiyasıdır, qiymətləri qaldırmaq, bizi cəmiyyət olaraq parçalamaq”, – Habek vurğulayıb.

Onun sözlərinə görə, qazın normayla verilməyəcəyinə ümid edirlər, ancaq bu istisna da olunmur.

Almaniya hökuməti qaz anbarlarını doldurmaq üçün 15 milyard avroluq kredit ayıracaq.

Hökumət həmçinin böyük şirkətlərin daha az işlətməsinə nail olmaq üçün qazı sənayeyə hərrac yoluyla satacaq.

“Gazprom” Avropanın bir sıra ölkələrinə, o cümlədən Polşa, Bolqarıstan, Finlandiya və Niderlanda təchizatı artıq dayandırıb.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

 





23.06.2022    çap et  çap et