Vaxt.Az

20 milyon ölümün qarşısı alınıb


 

12 ay ərzində dünya üzrə 4.3 milyard insana vaksin vurulub

20 milyon ölümün qarşısı alınıb COVİD-19-a qarşı vaksinlər onlardan istifadənin birinci ilində 20 milyona yaxın insanın həyatını xilas edib.

“Associated Press” agentliyi alimlərə istinadən yazır ki, əgər vaksinlər üzrə qoyulmuş beynəlxalq hədəfə çatılsaydı, daha çox insanı ölümdən qurtarmaq olardı.

2020-ci ilin 8 dekabrında İngiltərədə bir pensiyaçıya vurulmuş vaksin qlobal peyvəndləmə kampaniyasının başlanğıcı olub.

Sonrakı 12 ay ərzində dünya üzrə 4.3 milyard insana vaksin vurulub.

***

London İmperiya Kollecinin professoru Oliver Uotson deyib ki, vaksinlər təsəvvürəgəlməz miqyasda xilaskar rolunu oynayıb.

Sözü gedən hesablamanı aparmış alim bildirib ki, vaksinlərsiz planetdə çox fəlakətli bir vəziyyət yarana bilərdi.

Alimlər 185 ölkədən alınmış məlumatları təhlil edərək bu nəticəyə gəliblər ki, vaksinlər Hindistanda 4.2, ABŞ-da 1.9, Braziliyada 1 milyon, Fransada 631 min və Britaniyada 507 min koronavirus ölümünün qarşısını alıb.

Dünya Səhiyyə Təşkilatı 2021-ci ilin sonunadək planet əhalisinin 40 faizinin vaksinlənməsini hədəf qoymuşdu.

Hesablamaya görə əgər həmin hədəfə çatılsaydı, daha 600 min insanı ölümün cəngindən qoparmaq olardı.

***

Dünya üzrə COVİD-19-la bağlı ölümlərdən 19.8 milyon nəfərin xilas edilməsinə dair göstərici eyni dövrdə orta hesabla olduğundan nə qədər artıq ölümün qeydə alınması ilə hesablanıb.

London alimləri bu hesablamada Çini nəzərə almayıblar.

Buna səbəb bu ölkənin nəhəng əhaliyə malik olması və yoluxmalar barədə informasiyaların natamamlığıdır.

Alimlər habelə vaksinlərin olmadığı şəraitdə virusun necə mutasiya edə biləcəyini və karantin tədbirlərinin statistikaya təsirini də nəzərə almayıblar.

Alimlərin başqa bir modelləmə qrupu fərqli hesablama metodundan istifadə edərək bu qənaətə gəlmişdi ki, vaksinlər 16.3 milyon insanı ölümdən xilas edib.

ABŞ-da aparılmış həmin araşdırmanın hesabatı dərc olunmayıb.

Amerikalı alim Əli Mokdad deyir ki, alimlərin gəldiyi nəticələrlə razılaşmamaq da olar, amma ümumən vaksinlərin oynadığı böyük rol aşkardır.

 





25.06.2022    çap et  çap et