Vaxt.Az

Rusiyadan enerji gəlməyəcəyi zəmanə


 

Avropalı rəsmilər Kremli enerjidən silah kimi istifadə etməkdə ittiham ediblər

Rusiyadan enerji gəlməyəcəyi zəmanə Avropa İttifaqının liderləri Rusiya qazının idxalının bundan sonra da azaldılması tədbirlərinin mühümlüyünə dair razılığa gəliblər. Sammit iştirakçıları Rusiyanı enerjidən silah kimi istifadə etməkdə ittiham ediblər.

Liderlər bunu da biliriblər ki, “ucuz yanacaq zəmanəsi” başa çatır.

Latviyanın baş naziri Krisyanis Karins bu barədə deyib: “Ucuz enerji anlayışı qurtarır və Rusiya enerjisi anlayışı da qurtarır. Bizim hamımız alternativ mənbələrə keçid prosesindəyik”.

Qərbin Ukraynada müharibəyə görə Moskva üzərinə qoyduğu misli görünməmiş ağır sanksiyaların ardınca Rusiya bir sıra Avropa ölkələrinə qaz verilməsini dayandırıb və ya azaldıb.

Bu barədə bir Avropa diplomatı “Reuters” agentliyinə deyib: “Rusiyanın bütün qaz nəqlini dayandırması yalnız zaman məsələsidir”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sammitdən sonra deyib ki, liderlər Rusiyanın enerji sahəsindəki aqressiv siyasətinə cavab tədbirləri görülməsi işinin koordinasiyası barədə razılığa gəliblər:

“İnflyasiya bizim hamımız üçün ciddi problemdir. Rusiyanın apardığı aqressiv müharibə ərzağın, enerjinin və xammal materiallarının qiymətlərini qaldırıb”.

***

Brüsseldə keçirilən sammitdə bir sıra konkret addımları razılaşdırmaq mümkün olub, bununla belə Rusiyanın yanacağı silaha çevirdiyi bir vaxtda Avropa Komissiyasına münasib qiymətlərlə yeni enerji təchizatçılarının tapılması üçün daha çox üsullar üzərində işləmək tapşırılıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, alternativ təchizat axtarışına artıq başlanıb.

Onun sözlərinə görə bu il ötən illə müqayisədə ABŞ-dan maye qaz idxalı 75 faiz artırılıb.

Norveç qaz kəməri ilə nəql olunan qazın həcmləri isə 15 faiz yüksəlib.

Ursula von der Leyen Rusiyadan qazın kəsilməsinə hazırlıq planını iyul ayında təqdim etməlidir.

O bildirib ki, “ən yaxşıya ümid edək, ən pisə hazırlaşaq”.

Avropa Komissiyası sözü gedən planı Aİ liderlərinə oktyabr sammitində təqdim edəcək.

***

“Reuters” yazır ki, ən həssas məsələlərdən biri də Avropa hökumətlərinin istehlakçılar üçün qazın qiymətinə yüksək hədd qoyulmasına hazırlığıdır.

İspaniya və Portuqaliya öz daxili bazarlarında artıq belə bir hədd tətbiq edirlər, lakin bir sıra başqa ölkələr bildirirlər ki, qaz qiymətlərinin əhali üçün dotasiyalı edilməsi enerji bazarını poza bilər.

İyunun 23-də Aİ liderləri habelə Xorvatiyanın 2023-cü ildən avroya keçməsini təsdiqləyiblər.

Beləliklə Xorvatiya Avropa valyutasından istifadə edən 20-ci ölkə olacaq.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç Avropa İttifaqının qərarını öz ölkəsinin iqtisadiyyatı üçün “yaxşı siqnal” adlandırıb: “Xorvatiya avrozonada iştiraka hazırdır. Xorvatiyaya turistlərin 70 faizi avrozona ölkələrindən gəlir. Bizim mal dövriyyəmizin üçdə ikisi onlarla bağlıdır”.

 





25.06.2022    çap et  çap et