Vaxt.Az

Rusiyadan qızıl idxalına qadağa


 

Böyük yeddiliyin dörd ölkəsindən Kremlə növbəti embarqo

Rusiyadan qızıl idxalına qadağa Böyük yeddiliyin dörd ölkəsi (G7 kimi də tanınır) - Britaniya, ABŞ, Kanada və Yaponiya - Ukraynaya təcavüzünə görə, Rusiyadan qızıl idxalına qadağa qoyacaq.

Bu barədə bazar günü Almaniyada keçirilən G7 sammitinin açılışı günü Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, bütün G7 ölkələri Rusiyadan qızıl idxalını qadağan etmək barədə razılığa gəliblər ki, bura yuxarıda qeyd olunanlardan əlavə, Fransa, Almaniya və İtaliya da daxildir. Amma onların qadağaya qoşulması barədə hələ məlumat verilməyib.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa İttifaqının (Aİ) Rusiyadan qızıl idxalına qadağa qoyulması məsələsini araşdıracağını bildirərək, bu tədbirin Aİ iqtisadiyyatına zərər vurub-vurmayacağını qiymətləndirmək lazım olduğunu vurğulayıb.

Eyni zamanda, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bazar günü bildirib ki, sammitdən sonra G7 ölkələrinin Rusiya qızılına embarqoya dair ümumi qərarı gözlənilir.

Conson isə deyib ki, qadağa son vaxtlar aktivlərini qızıla çevirən rus oliqarxlarına və “Putinin hərbi maşınına” zərbə vuracaq.

Qeyd olunur ki, ötən il qızıl ixracı Rusiya iqtisadiyyatına 15 milyard dollardan çox gəlir gətirib. Qadağa artıq Rusiyadan dünya bazarına çıxarılan qızıla təsir etməyəcək.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

 





26.06.2022    çap et  çap et