Vaxt.Az

Nüvə danışıqlarında perspektiv görünmür


 

Amerika İrana yeni sanksiyalar tətbiq edə bilər

Nüvə danışıqlarında perspektiv görünmür “Amerika nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır və əsas diqqəti İran neftinin Çinə ixracını hədəfə almağa yönəldir”. Bunu Vaşinqton rəsmilərinə istinadən Amerikanın “NBC” şəbəkəsi yazıb.

“Avropalı diplomatlar və keçmiş Amerika rəsmiləri “NBC”ə bildiriblər ki, Vaşinqton çox güman ki, İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

Ağ Ev Tehranın Çinə neft satışına xüsusi diqqət yetirməklə mövcud sanksiyaları tətbiq etməyə çalışacaq. Hesabata görə, İranın nüvə proqramına qarşı mümkün təxribat əməliyyatları da müzakirə mövzusu ola bilər”, – deyə, “NBC” bildirib.

Məlumatda bildirilir ki, nüvə danışıqlarının xilas edilməsi perspektivi getdikcə şübhə altına alındığına görə, Bayden administrasiyası təzyiq altındadır.

Amerika Dövlət Departamenti də Avropa Birliyinin xarici işlər nazirinin müavini Enrike Moranın Doha danışıqlarında irəliləyişin olmaması ilə bağlı iddiasını təkrarlayıb.

“Avropa Birliyinin səylərinə görə çox minnətdarıq, ancaq İranın hələ də Avropa Birliyinin təşəbbüsünə müsbət cavab verə bilməməsindən məyusuq və buna görə də heç bir irəliləyiş əldə olunmayıb”-deyə, Dövlət Departamentinin sözçüsü Doha danışıqlarının bitdiyini təsdiqləyib.

Qeyd edək ki, Rusiya və Çinin dəstəyinə arxayın olan və Moskvanın Qərbə qarşı mövqeyindən ruhlanan İran hökuməti radikal cərəyan və SEPAH-ın Qərbin şərtlərini qəbul etməmək barədə təklifləri ilə razılaşmış kimi görünür.

“Qırmızı xətlərimizdən qətiyyən geri çəkilməyəcəyik, Amerikanın ciddi niyyəti varsa, danışıqların bu raundunda razılaşma əldə etmək olar”, – deyə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yunun 29-da mediaya verdiyi açıqlamasında bildirib.

 





30.06.2022    çap et  çap et