Vaxt.Az

Türk ədəbi dilinin banisi


 

Hürufiliyin dini təriqətdən siyasi cərəyana çevrilməsi Səfəvi dövlətinin yaranmasında əsas rol oynayıb

Türk ədəbi dilinin banisi Babəkin ölümündən sonra Azərbaycan tamamilə ərəb işğalının altına düşür. Böyük bir azadlıq atəşinin yerində kül altında gözərtilər qalmışdı. Bu işğal nəticəsində Azərbaycanda hakim dinə çevrilən islamiyyət də öz növbəsində ərəb dilinin hakimiyyətini təmin edir. Yazı işlərinin ərəbcəyə keçməsi, ədəbiyyatda isə fars dilinin hakim olması Xürrəmilər-babəkilər hərəkatı ilə başlanan vahid etnosa çevrilmə prosesin zədələyir və tədricən məhv edirdi.

Belə bir zamanda İmadəddin Nəsiminin türk dilinin inkişafına verdiyi böyük töhfə vahid etnosun formalaşması prosesinin yeni mərhələyə daşıyaraq Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında tarixi rol oynayır.

Ərəb və fars dillərini mükəmməl bilməsinə, bu dillərdə gözəl ədəbi nümunələr yaratmasına baxmayaraq doğma türkcədə yaratdığı ədəbi əsərlər dərviş, aşıq və xanəndələrin dillərindən çox geniş bir coğrafiyaya yayılır. Bununla da yalnız Azərbaycan türklərinin deyil, türk toplumlarının formalaşma prosesinə mühüm töhfə verir. Nəsiminin türkcədə yazdığı şeirlər Əlişir Nəvai, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Həbibi, Süruri və Tüfeylinin yaradıcılığına təsir etdiyi kimi, onların da türkcə yazmasına səbəb olmuşdur. Bu mənada Nəsimi türk dilinin şeir dilinə, ədəbiyyat dilinə çevrilməsinin banisi hesab edilə bilər. Azərbaycan ədəbiyyatında türk dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazan məhz Nəsimi olmuşdur. Nəsimi yaradıcılığı ilə formalaşan böyük ədəbi məktəb əsrlərlə Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında mühüm rol oynamışdır.

Bununla yanaşı Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamaqla ədəbiyyatın inkişafına böyük töhfə verir. Məhz Nəsimi əruz vəzninin bəhrlərini Azərbaycan türkcəsinin xüsusiyyətlərinə uyğunlaşdırmaqla milli kimliyimizi formalaşdıran ana dilimizin yaşarlığını təmin edir.

Nəsiminin vəhdət və metafizik fəlsəfələri Nəiminin yaratdığı hürufiliyi dini təriqətdən dini-siyasi hərəkata çevirməklə vahid etnosun formalaşmasında önəmli rol oynayır. Hürufilərin bütün xarici işğalçılara qarşı müqavimətdə yer alması, Səfəvi dövlətinin yaradılmasında fəal rol almaları da Nəsiminin hürufiliyi dini təriqətdən dini-siyasi cərəyana çevrilməsinin nəticəsidir. Eyni zamanda bu məqam etnosun maraq və məhafelərinin müdafiəsinin Nəsiminin dini-siyasi cərəyana çevirdiyi hürufiliyin əsas hədəfi olduğunu göstərir. Əks halda, yəni hürufilik yalnız dini cərəyan olsaydı islam bayrağı altında Azərbaycana gələn yadelli ordulara qarşı müqavimətin ön cəbhəsində yer almaz, bədəvi ərəb mədəniyyətinə qarşı qətiyyətlə mübarizə aparmazdı.

Hürufilik və xüsusilə də Nəsimin fəlsəfəsi özündən əvvəlki bütün dünyagörüşləri, xüsusilə də xürrəmilik və zərdüştlük dünyagörüşün özündə daşımaqla Azərbaycan xalqının fəlsəfə fikirinin tamlığını təmin edir. Burada ən önəmli məqamlardan biri hülul təliminin Nəsimi fəlsəfəsində də yer almasıdır. Nəsiminin “Həq-təala Adəm oğlu özüdür” fikri hülul təlimindən qaynaqlanır və yaradanın yaradılışda təzahür etməsi ilə bağlı özündən əvvəlki cərəyanlarda rast gəlinən mövqedən çıxış edir. Hülul təliminə xürrəmilərin ideoloji sistemində rast gəlmişdik, hürufilikdə rast gəlirik və qızılbaş şiə cərəyanında da rast gələcəyik.

Nəsimi sözünün mənası bir çoxlarına görə səba yeli deməkdir. Səba yelinin alovlandırdığı atəş isə qüdrətli Azərbaycan Səfəvilər Dövlətini doğurdu.

 





02.07.2022    çap et  çap et