Vaxt.Az

Başa bəla tərəqqi


 

İnsan sürətli inkişafla ayaqlaşa biləcəkmi?

Başa bəla tərəqqi Texnoloji tərəqqi özü ilə kəşflərlə yanaşı suallar da gətirir. Bu suallardan ən populyarı budur: insan belə sürətli dəyişiklərə tab gətirəcəkmi? Süni intellekt və ya daha anlaşılan terminlə desək, botlar zamanla bizdən daha ağıllı, hiyləgər və qəddar olsalar, nə edəcəyik? Bu suallar ətrafında əsas etibarı ilə tünd çalarlı pessimist ehtimallar dolaşır ki, adamın onlara inanmağı gəlir. Çünki biri var Jül Vernin nə vaxtsa dedikləri, biri də var dövrümüzün ən ağıllı və bunun məntiqi nəticəsi olaraq, həm də ən varlı dünya vətəndaşı olan İlon Maskın dedikləri. Mask bilirsiniz nə deyir? Diqqət, oturduğunuz yerdən möhkəm yapışın: “Vaxt gələcək indi bizim ev heyvalarımız bizlər üçün nədirlərsə, biz də robotlar üçün o olacağıq”.


Hollivud bilir

Fikir vermisinizsə, dünyada 3-5 ilə baş verəcək səs-küylü proseslərin, potensial münaqişələrin ilk xəbərçiləri Hollivud filmləri olur. Məsələn, 2000-ci illərin ən yaxşı filmlərindən biri “Siriana” Suriyanın başına gətiriləcək hadisələrin ilk carçısı idi. Sosial şəbəkələr, daha konkret isə “Facebook” vasitəsi ilə inqilablar baş verən Yaxın Şərq və Şimali Afrika ölkələrində tüğyan etmiş “Ərəb baharı”na hazırlığı isə elə həmin şəbəkənin yaradıcısı olan Mark Sukerberqə həsr olunmuş bioqrafik filmdən sezmək olardı. Misirdən tapılmış mumiyaların Britaniyaya gətirilməsi və burada ölülər dünyası ilə bizim dünyamızın bir-birinə qarışması nəticəsində həngamələrin qopması barədə filmlərdə də cəmiyyətə açıq geosiyasi mesajlar ünvanlanır. Başqa sözlə, Hollivud dünya düzəninin sökülüb yeni konfiqurasiyalarla yığılması prosesində heç də sonuncu faktor deyil. 

Əgər texnoloji tərəqqi barədə danışırıqsa və “İnsan bu inkişafla necə bacaracaq?” sualı qarşısında acizlik ediriksə, mütləq “Marvel”in istehsal etdiyi filmlərə nəzər yetirməliyik. Uşaqların ən sevdiyi personajlardan biri – Halkın əslində, körpələri düşünəcək vaxtı yoxdur. O, insan dühasının yetirməsi olaraq hədsiz gücə malik olmaqla yanaşı, bəşər övladının onun qarşısında köməksiz qaldığının da göstəricisidir. Uil Smitin canlandırdığı Henkok personajını götürək. Biraz depresiyaya düşdü, vəssəlam. Kriminalın qənimi özü insanlar və şəhər idarəçiləri üçün başağırısna çevrilir. 

Hollivud mövzusuna daha bir misalla yekun vuraq ki, əslində məqaləmizin səbəbi də məhz bu filmdir. 2021-ci ildə dünya prokatına “Ted K. Unobomber” adlı film çıxıb. Real faktlar əsasında çəkilən dram ABŞ tarixində ən çox axtarılan və təhlükəli hesab edilən polyak əsilli terrorçu Teodor Kaçinskiyə həsr olunub. Onun uşaq çağlarından əlahiddə istedadlı olduğu bilinir. Riyaziyyat sevdalısı Ted 16 yaşında Harvard Univesitetinə qəbul edilir. Buranı bitirdikdən sonra Miçiqan Universitetində riyaziyyat üzrə doktorluq alır. 25 yaşında Kaliforniya Universitetində dərs deməyə başlayır və cəmi bir ildən sonra o, müəllim peşəsini atır, şəhəri tərk edir və Montana meşələrində aldığı ərazidəki daxmada yaşamağa başlayır. Bildirir ki, heç bir texniki nailiyyətdən istifadə etməməklə yaşamağa çalışacaq. 

Prinsipcə, bu həyat onun ürəyincədir. Özü əkinlə məşğul olur, daxmasına yaxındakı arxdan su çəkir, arada bir şəhərə gedib anasından pul istəyir. Ancaq hər şeyin sonu olduğu kimi, bu sakit axarın da axırı olmalı idi deyə, bir gün sabitlik pozulur. Ted xəbər tutur ki, yaxınlıqdan yol çəkilir, ağaclar amansızlıqla qırılır, təbiətə qəsd edilir. Bu azmış kimi, göydə təyyarələr də çox aşağıdan uçur, meşəyə baykerlər ayaq açıb, qışda isə hamı gəlib burada qar arabası sürür. İnanmayacaqsınız, ancaq bütün bunlar Kaçinskinin ABŞ-da FTB tərəfindən ən çox axtarılan və başına 1 milyon dollar qoyulan terrorçuya çevrilməsinin səbəbi olur.


Kitab və bomba 

Kaçinski dövlətin müxtəlif strukturlarının rəhbərlərinə qarşı terrora start verir. Ən sevdiyi metod onlara poçtla içində bomba olan kitab göndərməkdir. Bu üsulla 1978-1995-ci illər ərzində 3 nəfəri qətlə yetirir, 23 nəfəri yaralayır. Törətdiklərini və ümumiyyətlə, dünyaya baxışını 25 min səhifəyə köçürür. Düşüncələrinin ana tezisi budur: texnoloji inkişaf dayanmalıdır, vaxt gələcək, insan öz kəşflərinin qurbanı olacaq. Bu fikri mövzumuza xüsusilə yaxındır: “Tərəqqi üçün çalışmaq cinayətdir!”

Kaçinskinin fəaliyyət göstərdiyi illərdə elmin inkişafı indiki qədər deyildi. Təbii ki, bu gün bizim tərəqqidən gözlədiyimiz təhlükələr barədə ancaq dərin zəka sahiblərinin təsəvvürləri var idi. O vaxt nə paralel reallıq var idi, nə insanabənzər robotlar, nə sürücüsüz avtomobillər, nə də ağıllı texnologiyalar. Əgər o vaxt tərəqqi ilə mübarizə üçün Kaçinski terrora əl atmışdısa, indi daha çox qələmə üstünlük verilir. İsveçrəli futuroloq, iri korporasiyaların strateji planlama üzrə məsləhətçisi və yazıçı Gerd Leonqard məhz sonunculardandır. 

Mübarizə metodlarını kənara qoysaq, Leonqard və onun kimi düşünən müasir zəka sahiblərinin qənaətləri Kaçinskinin qorxularından böyük ölçüdə fərqlənmir. Leonqard hətta inkişaf sürətinin bir qədər aşağı salınmasının tərəfdarıdır. Bunun üçün o elmi dövriyyəyə “Rəqəmsal etika” anlayışını gətirib. “Etika” yunan dilindən təcürmədə adət mənasını verir. Müasir həyatımızda etika bizlər üçün dəyər, mənəviyyət kateqoriyasıdır. Yəni insan necə yaşamalıdır? Etika bunu müəyyən edir. Leonqardın “Rəqəmsal etika”sı isə təbii ki, rəqəmsal texnologiyaların istehsalı inkişafına qarşı bir məhdudiyyət anlamı verir. Düzdür, Leonqard Kaçinski kimi o fikirdə deyil ki, tərəqqi üçün çalışanlar cinayət törədir. Ancaq əmindir ki, vaxt gələcək, biz bu tərəqqidən törəyən təhlükələrin acısını çəkəcəyik. “Biz texnologiyaları insanların dehumanistləşməsi üçün istifadə etməməliyik. Əgər texnologiya insana xələl yetirə bilirsə, onu cilovlamalıyıq. Məsələn, terrorçular sosial şəbəkələrdən istifadə etməklə öz işlərini xeyli asanlaşdırıblar” – deyə Leonqard bildirir.

G.Leonqard əmindir ki, insan texnologiyadan asılı olmaqla özünə ciddi zərər yetirir. Misal üçün, müasir insan smartfonlardan çox asılıdır. Yaxın zamanlarda elə bir alqoritm olacaq ki, insanın əvəzinə hər şey edəcək. Tutaq ki, biz restorana getmək istəyirik, alqoritm bizim əvəzimizə yer də tapacaq, masa da sifariş edəcək, yemək də, lazım gəlsə, musiqi də. Leonqard hesab edir ki, insan hansısa imkanlarını genişləndirdikcə, digər imkanlarını amputasiya edir. 


Qlobal işsizlik

“Biz elə bir dünyada yaşayırıq ki, gələcək peşələrin 70 faiz hələ mövcud deyil, indikilərin 50% isə tezliklə aktuallığını itirəcək. Hər şey sürətlə dəyişir. Məsələn, sosial şəbəkələr sferasında 21 milyon adam çalışır. Valideyinlər uşaqlarını dəqiq elmlərə yönəldir, ancaq robotlar məhz bu sahələrdə bizdən güclüdürlər. 10 ildən sonra bütün proqramçılar işsiz qalacaq. Hindistan ildə 1 milyon proqram təminatı mütəxəssisi buraxır. Təsəvvür edirsiniz işsizlik səviyyəsi necə olacaq?” – Leonqard həyəcan təbili çalır. 

Süni intellektlə rəqabət reallığında insan qarşısında hansı perspektivlər olacaq? Biz robotlar və rəqəmsal texnologiyalardan yararlanmaqla onlardan asılı vəziyyətə düşməyəcəyik? Az sonra insanlar nə xəstələnəcək, nə qocalacaq, nə də öləcək. Onlara işləmək lazım olmayacaq. “Şəxsi həyat” anlayışı yoxa çıxacaq. Belə dünya haqqında hansı təsəvvürə malik olacağıq? İnsan dünyanın sahibi statusunu saxlaya biləcəkmi? Hansı mənəvi problemlərlə rastlaşacağıq? Nə ilə məşğul olacağıq? Kim qalib gələcək – texnologiya, yoxsa insan?

Görürsünüz nə qədər sual var?! Onlara cavab verməkdə acizik. Kaçinski öz terroru, Leonqard isə kitabı ilə acizdir. Suallara ancaq gələcəyi yaşamaqla cavab tapacağıq...

 





03.07.2022    çap et  çap et