Vaxt.Az

SOCAR-ın daxili borclanması artır


 

Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur

SOCAR-ın daxili borclanması artır SOCAR 2021-ci ildə Dövlət Neft Fondundan borclanmanı artırıb. 2020-ci ildə Fondun SOCAR-dan aldığı istiqrazların qalıq dəyəri 2,96 milyard manat olduğu halda 2021-ci ildə artaraq 4,039 milyard manata yüksəlib. Hesabatdan məlum olur ki, ötən il dövlət şirkətinin 2 istiqraz buraxılışı Fond tərəfindən alınıb. Bunlardan biri illik faiz dərəcəsi 3,2 faiz, müddəti 2030-cu il avqustun 1-dən bitir və qalıq dəyəri 860 milyon manatdır. İkinci istiqrazların gəlirliyi daha yüksək olub. Onların illik faiz dərəcəsi 3,4 faiz, müddəti 2030-cu il dekabrın 30-da bitir və qalıq dəyəri 340 milyon manatdır. Bundan başqa Azərbaycan İnvestisiya Şirkəti SOCAR-ın illik faiz dərəcəsi 4 faiz, müddəti 2027-ci il dekabrın 30-da bitən istiqrazlarına sahibidir. Bu istiqrazların qalıq dəyəri ötən il 167 milyon manat olub.

SOCAR-ın daxili borclanması bununla bitmir. Dövlət şirkəti Beynəlxalq Bankdan cəlb etdiyi borcun qalığı 2021-ci ildə 531 milyon manat, Maliyyə Nazirliyi üzrə 492 milyon manat, Aqrarkredit QTSC üzrə 84 milyon manat olub. Ümumilikdə hər 3 quruma olan borcun qalıq dəyəri 1,107 milyard manat olub. Diqqəti çəkən məqam Beynəlxalq Banka olan borc qalığı 559 milyon AZN-dən 531 milyon AZN-ə azaldığı halda Maliyyə Nazirliyinə olan borcu qalığı 354 milyon AZN-dən 492 milyon AZN-ə yüksəlib. Faiz dərəcəsinin yuxarı səviyyəsi 3,8 faizdən 3 faizə endirilib. Ancaq borcun son ödənmə tarixində dəyişiklik yoxdur. Bunun 2 izahı ola bilər.

1. İllik faiz dərəcəsi 3,8 faiz olan borc tam ödənilib və buna görə də intervalın son həddi azalıb. Bu vəziyyətdə əlavə borclanma qaçılmazdır.

2. SOCAR-ın borcları Maliyyə Nazirliyi tərəfindən restrukturiyaziya olunub və faiz dərəcəsi aşağı salınıb. Aqrarkredit QTSC ilə 2021-ci ildə illik 0,16 faiz olmaqla 20 illiyə SOCAR-a borc verib. 

2021-ci ilin sonuna SOCAR-ın daxili borcunun qalıq dəyəri təxminən 5,3 milyard manata bərabər olub. Nəzərə alsaq ki, 2022-ci ildə daxili borcun müəyyən hissəsini ödəyib və yenisini cəlb etməyib bu halda borcun həcmində müəyyən azalma olduğunu təxmin etmək olar.

 





08.07.2022    çap et  çap et