Vaxt.Az

“Kim qazandı? Azadlıq!”


 

İsrailin Azərbaycandakı səfiri güneyli idmançıya status həsr edib

“Kim qazandı? Azadlıq!” Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində Səid Mollayi israilli idmançı ilə görüşüb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik hazırda cüdo üzrə Azərbaycan millisinin heyətində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində çıxış edən güney azərbaycanlı idmançı Səid Mollayi ilə bağlı öz “Twitter” səhifəsində paylaşım edib.

“Səid Mollai iranlı dünya çempionudur. Hökuməti ona israillilərlə yarışmağa icazə vermədiyi üçün ölkəsindən qaçmaq məcburiyyətində qalıb. Bu gün o, Azərbaycanı təmsil edərkən, israilli cüdoçu Saqi Muki ilə qarşılaşıb və görüşün sonunda bizim idmançımızla qucaqlaşıb. Kim qazandı? Azadlıq!”, – İsrailin Azərbaycandakı səfiri yazıb.

İlk paylaşımından bir neçə dəqiqə sonra Corc Dik “Twitter” səhifəsində yenidən paylaşım edərək Səid Mollainin Azərbaycan əsilli olduğu barədə yazıb.

“Mən indicə öyrəndim ki, Səid Mollayi əslində etnik azərbaycanlıdır və o özünü belə təqdim edir. Onun israilli çempion Muki ilə cəsarətli dostluğu bizim bütün azərbaycanlılarla dostluğumuzun nümunəsi, heç bir rejimin söndürə bilməyəcəyi ümid və azadlıq çırağıdır”, – deyə səfir bildirib.

Qeyd edək ki, Səid Mollayi 26 dekabr 1991-ci ildə Güney Azərbaycanın Qəzvin əyalətinin Avuc (Abgərm) şəhərində anadan olub.

O, 2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında İsrail təmsilçisi Saqi Muki ilə final görüşünə çıxmamaq üçün İran Cüdo Federasiyası və İran Olimpiya Komitəsi tərəfindən təzyiqlə üzləşib. Bunun nəticəsində cüdoçu yarışlarda İranın bayrağı altında çıxış etməkdən imtina edib və hazırda Azərbaycan milli komandasının heyətində yarışlara qatılır.

 





09.07.2022    çap et  çap et