Vaxt.Az

Güneyli kinorejissor həbs edildi


 

Cəfər Pənahi Əli Xameneyinin sərt tənqid edənlərdən olub

Güneyli kinorejissor həbs edildi Güney Azərbaycanda son siyasi həbslər dalğasının davamı olaraq, dünya kinosunun tanınmış simalarından biri, nüfuzlu beynəlxalq festivalların bir çox mükafatlarının sahibi soydaşımız Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da “Silahını yerə qoy” etiraz bəyanatını imzalayan kinematoqraflar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı kinematoqraf və mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kinematoqrafçı ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsinin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

“Yoxsullar ayağa qalxdıqda, yırtıcı hökmdarların əllərində yalnız bir çarə var və bu, zorakılıqdan başqa bir şey deyil”, – deyə Pənahi bundan öncə hökumətin etirazçılara qarşı qəddarlığına etiraz etmişdi.

Bununla yanaşı güneyli rejissor Əli Xameneyinin pandemiyanın ilk başladığı vaxtlarda ölkəyə xarici vaksinlərin gətirilməməsinə icazə vermədiyi üçün onu sərt tənqid edib və milyonlarla insanın həyatını təhlükəyə atdığı üçün cavabdehlik daşıdığını bildirmişdi.

Sosial media fəalları Cəfər Pənahi ilə yanaşı daha bir neçə fəalın saxlanıldığını yazıblar.

Saxlanılanlar arasında 2019-cu il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən fəalların ailə üzvlərinin olduğu bildirilir.

Qeyd edək ki, kinorejissor və ssenarist, İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

Pənahinin filmləri Kann kinofestivalında “Qızıl kamera” (1995, “Ağ şar” filmi), Lokarno kinofestivalında “Qızıl leopard” (1997, “Güzgü” filmi), Venesiya kinofestivalında “Qızıl şir” (2000, “Dairə” filmi) və Berlihale kinofestivalında “Gümüş ayı” (2006, “Ofsayd” filmi), həmin kinofestivalda ən yaxşı ssenari kateqoriyasında mükafatın qalibi (2013, “Pərdə” filmi) kimi nüfuzlu beynəlxalq kino mükafatlarının laureatı olub.

 





11.07.2022    çap et  çap et