Vaxt.Az

Ərdoğan Putinə nə deyib?


 

Ədalətli sülh barədə danışıqlara ehtiyac var

Ərdoğan Putinə nə deyib? Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri Ukrayna taxılının ixracı ilə bağlı problemi müzakirə etmək üçün BMT nümayəndələri ilə görüşəcəklər. Ukraynadan taxılın ixracında Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı fasilələr yaranıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də deyib ki, bu görüş iyulun 13-də İstanbulda keçiriləcək.

Bu da xəbər verilir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna taxılının ixracı məsələsini iyulun 11-də ayrı-ayrı telefon söhbətlərində Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinlə müzakirə edib.

Ukrayna Rusiyanın işğalı altında olan Qara dəniz limanlarının blokadadan çıxarılmasını tələb edir.

Qərb ölkələri də Rusiyadan Ukrayna limanlarının deblokadasını tələb edirlər.

Dünya taxıl istehlakının üçdə birini təchiz edən Ukraynadan taxılın çıxarılmasında yaranmış çətinlik qlobal aclıq təhlükəsi yaradıb.

***

Ərdoğan Putinə deyib ki, BMT-nin Qara dənizdə təhlükəsiz dəhlizlərin yaradılması planının həyata keçirilməsinin vaxtı çatıb.

O habelə Rusiya prezidentinə deyib ki, müharibənin dayandırılması üçün davamlı və ədalətli sülh barədə danışıqlara ehtiyac var.

Zelenski “Twitter”də yazıb ki, o prezident Ərdoğanın Ukrayna taxılının ixracına şərait yaradılması istiqamətində səylərini yüksək qiymətləndirir, amma eyni zamanda Rusiya Ukrayna taxılının oğurlanmasına son qoymalıdır.

Bundan əvvəl Rusiya bildirmişdi ki, taxılın limanlardan çıxarılması üçün Ukrayna sahili minalardan təmizləməlidir.

Vladimir Putin isə demişdi ki, Rusiya taxılın ixracına dəstək verməyə hazırdır, amma bunun üçün Moskva üzərindəki sanksiyalar qaldırılmalıdır.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Putinin bu bəyanatını “ərzaq şantajı” adlandırmışdı.

 





12.07.2022    çap et  çap et