Vaxt.Az

Baydenin səfərindən gözləntilər


 

İsrail Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurulacağına ümid edir

Baydenin səfərindən gözləntilər Prezident Co Bayden vəzifəyə gəldikdən sonra Yaxın Şərqə ilk səfəri çərçivəsində çərşənbə günü İsrailə gedir. O, İsraildən birbaşa Səudiyyə Ərəbistanına gedəcək və ABŞ lideri bunu “simvolik” bir addım adlandırır. İsrail ümid edir ki, onun səfəri İsraillə Səudiyyə Ərəbistanı arasında tammiqyaslı diplomatik əlaqələrin qurulmasına yol açacaq.

İsrail Prezident Co Baydenin Yaxın Şərqə səfəri İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulacağını elan etməsini istəyir.

“Prezident Co Baydenin təyyarəsi Qüdsdən Səudiyyə Əərbistanına uçacaq və o, bizdən onlara sülh və ümid mesajı aparacaq. İsrail regiondakı bütün ölkələrə əlini uzadır və onları bizimlə əlaqə qurmağa, münasibət yaratmağa çağırır”, – İsral hökumətinin mətbuat idarəsindən Yair Lapid bildirib.

İsrailli təhlilçilər deyir ki, diplomatik münasibətlərin indi qurulması ehtimalı aşağı olsa da, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tədricən bu istiqamətdə irəliləyir və başqa islahatlar edir.

"O bilir ki, Səudiyyə Ərəbistanı artıq bütün ölkəni təkcə neftlə maliyyələşdirə bilməyəcək. Bu üfüqdədir və ona görə də onlar müasirləşməlidirlər. Regionda bunu ən uğurlu şəkildə edən və təbii iqtisadi tərəfdaş olan ölkə İsraildir. Eyni zamanda, strateji baxımdan Suriyada və regionda İranı cilovlaya bilən yeganə ölkə İsraildir. Səudiyyəlilər isə buna hörmət edirlər”, – Bar İlan Universitetindən Conatan Raynold deyir.

Prezident Baydenin İsrail və onun regional ərəb tərəfdaşları arasında son sammit görüşlərinə əsaslanaraq, İsrail və Səudiyyə Ərəbistanın da daxil olduğu regional müdafiə qrupu elan edəcəyi gözlənilir.

Fələstinlilər şiddətlə qarşı çıxdığı bu regional ittifaqlara qoşulmağa dəvət olunmayacaqlar. Baxmayaraq ki, Prezident Bayden Yaxın Şərqə səfəri zamanı fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək, fələstinli liderlər Baydenin səfərində diqqətin İsrail-Fələstin münaqişəsini həll etmək əvəzinə İsraillə regional ittifaqlar qurmağa yetirildiyindən məyusdurlar.

“İşğala son qoymadan ərəblərlə əlaqələrin normallaşmasına dair görüşlər illüziya, ilğım və İsrail üçün pulsuz mükafatdan başqa bir şey deyil”, – Fələstinin baş naziri Məhəmməd Ştayyə bildirib.

Prezident Bayden Səudiyyə Ərəbistanında ABŞ sakini olan səudiyyəli jurnalist Camal Xaşuqçinin 2018-ci ildə qətlə yetirilməsi ilə pozulan münasibətləri bərpa etməyə çalışacaq.

Baydenin Rusiya neftini əvəzləmək üçün OPEC-in neft hasilatını artırmasına çağıracağı gözlənilir.

“Beləliklə, əgər onlar bunu səudiyyəlilərə neft hasilatını artırmaq üçün göstəriş vermək məqsədilə edilən bir səfər kimi görürlərsə, deyə bilərəm ki, bu, uğurlu olmayacaq, çünki bundan əvvəl müzakirə olunası hələ çox şey var. Əsas odur ki, səfərdə milli təhlükəsizliyə diqqət yetirməlidir – İranın təhdidləri fonunda Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinə”, – jurnalist Nəcat Əlsəid deyir.

İsrail və Səudiyyə Ərəbistanının İranın təhdidləri baxımından çoxlu ortaq cəhətləri var və təhlilçilər ABŞ-ın diplomatik təkanının regionda yeni əlaqələrin genişləndirilməsinə kömək edə biləcəyini deyirlər.

 





13.07.2022    çap et  çap et