Vaxt.Az

Hamımız üçün utanc gətirəcək


 

İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?

Hamımız üçün utanc gətirəcək Elvin adlı daha bir qazi Ağdaşda özünü yandırdı. Hal hazırda ağır vəziyyətdədir. Bu məlumat indi yayımlandı və bu, ağır fəsadlar verə bilər.

Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.

Psixologiyada “Verter effekti (sindromu)” deyilən bir fenomen ilk dəfə dahi alman yazıçısı Yohann Volfqanq Götenin “Gənc Verterin iztirabları” adlı əsəriylə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir.

Bilmirəm nə təklif edəm: İntihar hadisələri barədə yazmamaqmı, ya hansısa formada qazilərlə iş aparmaqmı, ya qazilərin problemlərini ləngimədən həll etməkmi? Bəlkə, hamısını eyni zamanda və gecikmədən icrasına başlamaq? Bütün bu məsuliyyətlər dövlətin üzərindədir. Əgər dövlət vaxt itirmədən məsələyə əncam çəkməsə, bu intiharlar silsilə şəkil ala bilər. Bu isə hamımız üçün utanc gətirəcək. Vətən üçün canından keçməyə hazır olanları hansısa əhəmiyyətsiz, kiçik məişət məsələlərinin məngənəsində sıxaraq intihara sürükləyənləri xalq və tarix bağışlamayacaq…

 





13.07.2022    çap et  çap et