Vaxt.Az

Ərdoğan və Paşinyanın tarixi sıçrayışı


 

Vaşinqton məmnundur, İsrail yolu açır

Ərdoğan və Paşinyanın tarixi sıçrayışı Təxminən 20 gün əvvəl Türkiyə ilə Ermənistan arasında sərhəd zonasının minalardan təmizlənməsinə başlanılıb. Türkiyə mənbələrinin məlumatına görə, minalardan təmizləmə işi İsrail şirkəti tərəfindən həyata keçirilir və hazırda Türkiyəni Ermənistanla birləşdirən dəmir yolunun keçdiyi Doğukapı sərhəd-keçid məntəqəsinin yaxınlığında, Qars vilayətinin Akyaka rayonunun İbiş kəndi ətrafında işlər aparılır.

Türkiyənin Ermənistanla həmsərhəd rayonlarının minalardan təmizlənməsi ilə bağlı yayılan xəbərə rəsmi mənbələr hələlik münasibət bildirməyib.

Qars sakinləri minaların təmizlənməsinin Doğukapı keçid məntəqəsinin açılmasına ümidlər artırdığını iddia edirlər. Türkiyə ilə Ermənistan arasında yol əlaqəsi Iğdır vilayətindəki Əlican sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilib. Bu sərhəd keçidi Doğukapı kimi 1993-cü ilin aprelindən bağlıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqların başlaması sərhədlərin açılmasına ümidlər yaradıb. Türkiyənin Ermənistanla həmsərhəd əyalətlərinin sakinləri bununla bağlı yeni ticarət imkanları gözləyirlər.

Türkiyə ilə Ermənistan arasında dəmir yolu və avtomobil yollarının çoxsəviyyəli Zəngəzur dəhlizinin bir hissəsi olacağı gözlənilir. Türkiyə mətbuatı yazır ki, Ankara İrəvanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar zamanı Zəngəzur dəhlizinin tezliklə açılması şərtini irəli sürür.

Bundan əvvəl Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanla məsləhətləşmələr çərçivəsində Ermənistanla münasibətlərin normallaşdırılması prosesi davam edir, Bakı ilə razılaşmadan heç bir addım atılmır.

Xatırladaq ki, iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında danışıqların növbəti raundu olub və tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər. Bunun ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk telefon danışığı olub. İki ölkənin hökumət hesabatlarında Ərdoğan və Paşinyanın bir-birini dini bayramlar münasibətilə təbrik etdiyi və münasibətlərin normallaşması üçün tədbirlərin görülməsinin vacibliyini vurğuladığı telefon danışığının kim tərəfindən aparıldığı barədə məlumat açıqlanmır.

ABŞ Dövlət Departamenti Ərdoğanla Paşinyan arasında aparılan danışıqlarla bağlı məlumatlara operativ reaksiya verib. Vaşinqtonun bəyanatında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə güclü dəstək qeyd olunur.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Birləşmiş Ştatlar Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasına qətiyyətlə kömək edir və bu, bütün regiona müsbət təsir edəcək”.

“Ermənistan-Türkiyə dialoqu regional sabitliyi gücləndirmək, mənfi təsirləri ehtiva etmək və daha böyük iqtisadi inkişafa gətirib çıxarmaq potensialına malikdir ki, bu da hamının xeyrinədir”, ­ – həmin bəyanatda qeyd olunur.

Həmçinin qeyd edilir ki, “Birləşmiş Ştatlar bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə asanlaşdırmağa hazırdır”. (Milli.Az)

 





14.07.2022    çap et  çap et