Vaxt.Az

İşğalçılar ilk qadın əsgərini itirib


 

Bundan başqa rus polkovnik və onun müavini Ukrayna müharibəsində həlak olub

İşğalçılar ilk qadın əsgərini itirib Volqoqradın 20-ci Motoatıcı Qvardiya Diviziyasının komandiri, polkovnik Aleksey Qorobets Ukraynada gedən müharibədə həlak olub. Bu barədə “Notebook of Volqoqrad” nəşri zabitin həyat yoldaşına istinadən xəbər verib.

“Komandanlıqdan zəng edib xəbər verdilər. Dəfn mərasiminin tarixi və yeri hələ seçilməyib”, – deyə, Qorobetsin həyat yoldaşı bildirib.

Nəşrin məlumatına görə, mərhumun şəxsiyyətini təsdiqləmək üçün DNT testi tələb olunub.

Polkovnik Qorobetsin 49 yaşı var idi. Keçən ilin avqust ayında o, Patriot mərkəzi, Alabino poliqonu və Moskva yaxınlığındakı Kubinka aerodromunun ərazilərində keçirilən “Ordu-2021” forumunun hazırlığında şəxsən iştirak edib.

Ukrayna müharibəsində eləcə də 20-ci Motoatıcı Qvardiya Diviziyasının komandir müavini, polkovnik Aleksiy Avramçenko dünyasını dəyişib. İyulun 13-də Volqoqradın V1.ru nəşrinə bu barədə Simferopol hərbi məktəbində Avramçenkonun komandiri, istefada olan polkovnik-leytenant Sergey Çennik məlumat verib.

Bu ərəfədə məlum olub ki, Ukraynadakı müharibədə Rusiyanın ilk qadın əsgəri, Volqoqraddan olan kapral Anastasiya Savitskaya da həlak olub.

Rusiya Müdafiə Nazirliyi martın sonundan bəri Ukraynadakı müharibədə həlak olanların sayını açıqlamayıb. O zaman 1351 nəfərin öldüyü bildirilmişdi.

Rusiya ordusundakı itkilərin müstəqil hesablanmasını jurnalistlər, məsələn, BBC agentliyi nəşri “Mediazona” ilə birlikdə aparır. Onlar Ukraynada həlak olan 4500-dən çox rus əsgərinin adını müəyyənləşdirə bilib. Britaniya hərbi kəşfiyyatının məlumatına görə, mayın sonuna qədər Rusiya Ukraynada 15 minə yaxın insan itirib. Ukrayna tərəfinin məlumatına görə, müharibə zamanı artıq 40 minə yaxın rus əsgəri həlak olub.

 





14.07.2022    çap et  çap et