Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Bu Zirvə görüşünün mötəbər qonaqları
Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi
beynəlxalq birik tərəfindən təqdir olunur.
Martın 24-də III Nüvə Təhlükəsizliyi
Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başladı.
Niderland Krallığının Baş naziri Mark
Rütte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Nüvə Təhlükəsizliyi Sammiti «Nüvəsiz
dünya» videoçarxının nümayişi ilə başladı.
Azərbaycan Prezidenti İlham Əliyevin
iştirak etdiyi Zirvə görüşünü açıq elan edən Niderlandın baş naziri Mark Rütte
Sammit iştirakçılarını salamladı. 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın
təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin
təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu
məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını
diqqətə çatdırdı. Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin
gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə
hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirdi.
Bundan əvvəlki Sammitə ev sahibliyi edən
Koreya Respublikasının Prezidenti Pak Kın He çıxışında müasir dünyada nüvə
təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək ölkəsinin bu
məsələdə öz dəstəyini əsirgəmədiyini vurğuladı.
BMT-nin baş katibi Pan Gi Mun Sammitin
əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının
alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirdi. Nüvə təhlükəsizliyinin
müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki
missiyasının səmərəli olduğunu vurğuladı.
Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirdi. Bu çərçivədə «Siyasətin ssenari əsasında müzakirəsi» mövzusunda iclas keçirildi.