Vaxt.Az

Ağ və qara “Qırmızı imperiya”


 

Əslində bu yazı SSRİ-yə aiddir, Ukraynanın adı sadəcə misal olaraq keçir

Ağ və qara “Qırmızı imperiya” Ruslar indi də Ukraynanın Vinnitsa şəhərini vurublar. Hətta o dərəcədə ki, şəhərdə matəm elan olunub (Allah işğalçının cəzasını versin).

Vinnitsada olmuşam. Çox gözəl şəhərdir. Ruslara qətiyyən dəxli olmayan ənənələri, adətləri və qədim arxitekturası ilə maraqlı və gözəl.

Amma mən indi başqa şeydən danışmaq istəyirəm. Ümumiyyətlə keçmiş SSRİ-nin Rusiya, Ukrayna və Belorus respublikalarındakı şəhərlər digər respublikalarla müqayisədə çox böyük və əzəmətlidir. Baxın, Ukraynanın indi bombalanan şəhərlərinə. 2-ci-3-cü dərəcəli şəhərlər belə bizim şəhərlərdən xeyli böyük və tikinti sarıdan daha əzəmətlidir.

Azərbaycanda paytaxtdan başqa bütün şəhərlər (hətta müəyyən qədər Gəncə də) gerçək standartlarla əslində 1-ci dərəcəli rayon mərkəzi sayıla bilər, nəinki 2-3-cü dərəcəli şəhər.

Niyə?

Çünki “SSRİ” əsasən yuxarıda adını çəkdiyim 3 respublikanı özünün canı-ciyəri, ağ xalqı sayırdı. Ardınca gələn 4-cü də Moldova sayılırdı, nəinki başqa respublikalar. Sonra gələnlər bəli, Gürcüstan, Ermənistan - filan ola bilərdi. Amma onlarda da ələgələn şəhər yox dərəcəsindədir (Qazaxıstanda ruslar çox idi deyə durum fərqli ola bilərdi, Baltikyanı respublikalar isə əslində SSRİ deyildilər).

Bir sözlə, məclisin başında oturanlar (vaxtilə taxta evlərdə yaşayanlar) bax beləcə sürətlə şəhərləşirdilər, hesabı da ayağında oturanlar verirdi. Əlbəttə ki, bütün hesabı yox, amma ciblərində olanın təxminən hamısını. Yəni bu gün Ukraynada və Belarusda ikinci dərəcəli şəhər sayılan boyda şəhərləri olmayanlar.  Demək olmaz ki, o respublikaların pulu bizdən az idi. Yox, əksinə. Amma əlavə pul da zərər vermir axı. Öz hesabına bir bina tikəcəkdisə, bizim hesabımızı da üstünə gəlib iki bina tikirdi, daha böyük park, xiyaban salırdı, zavod-fabrikləri də ki, deməyə dəyməz. Sənaye əhali çox olan yerlərdə salınırdı sovet məntiqi ilə. Bu formulanı anlamaq elə də çətin deyil. Sən hansı şəhəri böyüdürsənsə, orada əhali çox olur, zavod da orada tikilir (Kimsə qalxıb da Bakıda kondisioner zavodu tikildi-deməsin. Bilirik Heydər Əliyev o zavodu Bakıda tikdirincə nələrdən keçib. Bununçün təkcə Moskvanı razı salmaq yox, həm də o “ağ” rəqibləri zərərsizləşdirmək lazım gəlib. Belə də ki, o qədər sərvəti alıb da əvəzinə soyuducu, kondisioner zavodu vermək də ciddi yanaşma deyil. Onu da hələ verməyib ey, zorla, dirəşib, istəyəndən sonra almışıq).

Bax bu idi SSRİ. Bir tərəfinin 20-ci əsrdə salınmış qəsəbəsi o biri tərəfinin orta əsrlərdən mövcud olan şəhərindən böyük məmləkət.

İnanmayan açıb internetdə 44 günlük müharibə vaxtı bombalanan Gəncəyə, Tərtərə, Bərdəyə də baxın, Ukraynanın indi bombalanan şəhərlərinə də. Küçələrdən, binalardan və s. fərqi görəcək...

 





17.07.2022    çap et  çap et