Vaxt.Az

İşğalçılar daha bir şəhərə raket zərbələri endirib


 

Mikolaivə son üç gündə ikinci hücumda məqsəd Odessadır

İşğalçılar daha bir şəhərə raket zərbələri endirib Rusiya bazar günü səhər saatlarında Ukraynanın cənubunda Mikolaiv şəhərinə son üç gün ərzində ikinci raket hücumu həyata keçirib. “Associated Press” agentliyinin verdiyi məlumata görə, hücumun hədəfi “sənaye və infrastruktur obyekti” olub. Rusiyanın hazırda nəzarəti altında olan şərq bölgələrindən Odessaya doğru irəliləmək istiqamətində əsas diqqəti Mikolaiv şəhərinə yönəltdiyi bildirilir.

“Washington Post” qəzetinin yazdığına görə, təhlilçilərin qüvvələrin yenidən qruplaşdırılmasında fasilə adlandırdığı mərhələdən sonra Rusiya Ukraynanın cənubu və şərqində quruda hücumlarını bərpa etməyə hazırlaşır.

Ukrayna ordusunun nümayəndəsi Rusiyanın Ukraynaya hücumunun növbəti mərhələsinə hazırlaşdığı barədə xəbərdarlıq edib.

Ukrayna hərbçiləri Rusiyanın Ukraynanın nəzarətində olan Slavyanska hücum məqsədilə bölmələrini yenidən qruplaşdırdığına dair əlamətlərin olduğunu bildiriblər.

Britaniya Müdafiə Nazirliyi bazar günü son kəşfiyyat məlumatına əsasən bildirib ki, Rusiya Ukraynanın cənubunda işğal etdiyi ərazilərdə müdafiə mövqelərini gücləndirir. Məlumatda bu addımların çox güman ki, Ukraynanın gözlənilən hücumları ilə əlaqədar olduğu deyilir.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü gündəlik müraciəti zamanı ukraynalıları Rusiyanın və digər ölkələrin Ukrayna haqqında mediada yaydıqları dezinformasiya və təbliğata görə “emosional suverenlik” inkişaf etdirməyə çağırıb.

“Biz düşmənin davamlı olaraq bizə qarşı törətdiklərindən asılı deyilik”, – Zelenski deyib.

O, bildirib ki, Ukrayna xalqı “kimdən gəldiyindən asılı olmayaraq, onların kimə və nəyə lazım olduğunu görmək üçün hər hansı bir məlumatı, istənilən mesajı şüurlu şəkildə qavramağı bacarmalıdır”.

“Bəzən media silahları adi silahlardan daha çox şey edə bilər. Ukraynanın birliyini yalan və ya hədə-qorxu, saxta məlumat və ya sui-qəsd nəzəriyyələri ilə pozmaq olmaz”, – Zelenski bildirib.

Rusiya və Ukrayna qüvvələri şənbə günü Donbas bölgəsində bir-birini artilleriya atəşlərinə məruz qoyub. Qərbin çatdırıdığı uzaqmənzilli silahların döyüş meydanında Ukraynaya kömək etməyə başladığı bir vaxt Rusiya raketlərinin Ukraynanın bir sıra şəhər və qəsəbələrinə zərbələri nəticəsində yaşayış binaları və digər binalara zərər dəyib. Kiyev rəsmiləri raket zərbələrinin son günlər onlarla insanın ölümünə səbəb olduğunu bildirib.

 





17.07.2022    çap et  çap et