Vaxt.Az

Bütün ssenarilərə hazırlıq gedir


 

Avropa İttifaqı rəsmiləri Bakıya gəlir

Bütün ssenarilərə hazırlıq gedir Bu gün – iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycandan qaz idxalının artırılması məqsədilə Bakıya səfər edəcək. Səfər Avropa İttifaqının (Aİ) Rusiya enerjisindən asılılığı azaltmağa çalışdığı bir dönəmdə həyata keçirilir.


Enerji idxalının diversifikasiyası


“Rusiyanın enerji təchizatından silah kimi istifadə etdiyi bir dönəmdə enerji idxalımızın diversifikasiyası Aİ üçün prioritetdir. Prezident fon der Leyen və Enerji Komissiyası Kadri Simpson sabah (18 iyul) əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə Azərbaycana gedəcək”, – Komissiya “Twitter”də yazıb.

Aİ hökumətləri Rusiyadan neft idxalına tədricən embarqo qoymağa razılaşıblar.

Rusiyanın Polşa ərazisindən qaz tranziti bu ildən dayanıb. Ukraynadan daşımalar isə Moskva fevralın 24-də Ukraynanı işğala başlayandan məhdudlaşıb.

Dünyanın dördüncü böyük iqtisadiyyatı olan Almaniya Rusiyadan qaz təchizatının tamamilə dayandırılması daxil olmaqla bütün ssenarilərə hazırlaşır. Nəhəng “Şimal axını 1” kəmərində 10 günlük texniki xidmət bu həftənin sonunda başa çatmalıdır, ancaq istənilən variant istisna olunmur.


“Rusiya öhdəliklərə əməl edir”


Rusiyanın Vyanadakı beynəlxalq qurumlarda səfiri Mixail Ulyanov bazar günü “Twitter”də yazıb: “Rusiya Avropaya təbii qaz tədarükündən heç vaxt imtina etməyib və kontrakt öhdəliklərinə tam əməl edir”.

“Reuters” ötən həftə yazır ki, Avropa Komissiyası Aİ üzvlərinə Azərbaycanla qaz idxalını artırmaq, mövcud kəməri genişləndirmək üçün saziş imzalamağı təklif edib. 11 iyul tarixli sənədə deyilir ki, tərəflər Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilədək ilə azı 20 milyard kubmetr qazın qarşılıqlı ticarətini dəstəkləyirlər.

Cənub Qaz Dəhlizi şəbəkəsinin bir hissəsi olan Trans-Adriatik kəməri (TAP) ötən il Avropa ölkələrinə, o cümlədən İtaliyaya 8 milyard kubmetrdən çox qaz nəql edib.

 





18.07.2022    çap et  çap et