Vaxt.Az

Marginallığa aparan ən kəsə yol


 

“Tənhalıgı sevməyənlər – azadlığı sevməyənlərdir” Artur Şopenhauer

Marginallığa aparan ən kəsə yol Bilmirəm fikir vermisinizmi – son zamanlar sosial şəbəkələr tənhalıqdan şikayətçi olan insanların kədərli statusları ilə dolub-daşır. Hələ bu, aysberqin görünən tərəfidir. Özü də bunlar, “darıxıram” ifadəsini bir növ mataha çevirmiş şair-yazıçı statusları deyil. Sonuncuların “ilahi” darıxmaqlığı tamam başqa söhbətin mövzusudur…

Açığı, mən heç vaxt tənhalıq hissinə tutulmamışam və  tənhalıqdan çox da əziyyət çəkən adam olmamışam. Ona görə yox ki, həyatım başdan-başa mən sevdiyim və məni sevən adamlarla süslənib, ona görə ki, bunu bir həyat gerçəyi kimi qəbul etmişəm, vəssalam. Fikrləşmişəm ki, tənhalıq  anadangəlmə xəstəlik kimidir, onunla mübarizə aparmaqdansa, baş-başa verib yaşamağa alışmaq lazımdır.

Lakin burada ekzistensiyadan yox, “kütləvi tənhalaşma”dan söhbət gedir və görünən odur ki, belə davam etsə, cəmiyyətimiz marginallaşmış insan toplusuna çevriləcək. Ətrafda baş verənlərin ümumi havasına uyuşmayan, ənənəvi sosial davranış normalarından bezikmiş, artıq  mədəni və etik ənənənin öz cazibəsində saxlaya bilmədiyi insanlar toplusuna. Əlbəttə, tənhalıq və marginallıq bir qədər fərqli şeylərdir, amma tənhalıq hissi marginallığa aparan ən kəsə yoldur.

Mən burda tənhalara ürək-dirək vermək, dərdini bölüşmək, onların içini sızladan və həyatına zəhər qatan məyusluqlarını yumşaltmaq fikrində deyiləm. Ona görə ki, əslində, onları kiminsə ovundurmasına ehtiyac yoxdur.  

Tənhalar və marginallar həmişə azlıqdadır (“iki birdən çoxdur” kimi alındı, amma eybi yoxdur). Palaza bürünüb, elnən sürünən çoxluq belə adamlara həmişə xor baxır. Amma bu, çoxluğun haqlı olduğuna dəlalət etmir. Daha çox əksinə! Çoxluğun içində yer alıb, azlığa xor baxmaqdan asan iş yoxdur. Və bundan da rəzil iş yoxdur. Bu nöqtədə yunan müdriki Prienli Biantın min illər öncə dövriyyəyə buraxdığı sözləri xatırlamaq lazım gəlir: “Pislər həmişə çoxluqdadır”. Öz sözlərimizlə desək, çoxluq – …luq!

Abırlı insan gözünü açıb, özünü çoxluğun içində görüncə təlaşlanmalı, bura necə gəlib düşdüyünün hesabını aparmalıdır.

Sən çoxluğun obrazının bir ştrixi ola bilərsən, amma tənha və təksənsə, bu sənin öz obrazın var deməkdir. İnsanın bütün yaradıcı keyfiyyətlərinin başında isə onun öz obrazının olması gəlir. Odur ki, dünyanın bütün şedevrləri tənha, marginal adamlar tərəfindən yaradılıb. Çoxluğun təyinatı isə nələrəsə xor baxmaq, nələrisə ayaq üstə sürəkli alqışlamaqla sınırlıdır.

Tənha adamların ağzını bir yerə yığmaq, barmağını tuşlayıb göstərdiyin şeyi onlara bəyəndirmək, yaxud onlarda nəyəsə nifrət oyandırmaq müşkül məsələdir. Uzun illər Rusiya televiziyasında “İnanılmaz gerçəklər” verilişinin müəllifi olmuş böyük fizik Segey Kapitsanın bu haqda gözəl bir deyimi var: “Qoynlardan sürü düzəltmək asandır, oğul istəyirəm ki, pişiklərdən sürü düzəltsin”. 

Tənhalığı asıb-kəsən, yamanlayan, ondan yaxa qurtarmaq istəyən sənətkarları başa düşürəm, amma istərdim ki, bir az onun fəzilətləri barədə də düşünək. İrfan çobanları, Budda və xristian rahibləri tənhalığa elə-belə çəkilmirdilər hər halda.

Bədii ədəbiyyatda “tənha”ların taleyi ilə bağlı fikirlər bir-birindən çox da fərqlənmir – öz güclü xarakteri ilə seçilən tənha qadın Tatyana Larinadan fərqli olaraq, ictimai rəyin əsirinə çevrilmiş, axının ətalətindən çıxa bilməyən yumşaq təbiətli Yevgeni Onegin axırda peşman olur, ancaq artıq heç nəyi düzəltmək mümkün deyil... Əvvəl-əvvəl hamını sevən, hər kəsə şəfqətlə yanaşan Peçorin, çoxluğun mövqeyini və baxışlarını qəbul edəndən sonra paxıl, kinli, insanlara nifrətlə yanaşan adi subyektə çevrilir...

Sonda dünyanın ən tənha adamı ünvanını qazanmış Diogen haqqında  çoxlarımızın bildiyi bir rəvayəti xatırlatmaq istəyirəm. Bir gün Diogen öz çəlləyində oturub, özünü günə verirmiş. İsgəndər ona yaxınlaşıb, özünü təqdim edir: 

“Mən – böyük hökmdar İsgəndərəm”. 

“Mən isə Diogenəm, it Diogen”

“Sənə niyə it deyirlər?”

“Mənə sür-sümük atana quyruğumu bulayıram, atmayana hürürəm, pis adamları isə dişləyirəm”

“Bəs məndən qorxmursan?” – İsgəndər soruşur.

“Sən kimsən – xeyir, yoxsa şər?”

“Əlbəttə, xeyir!” – İsgəndər öz ayranına turş demir.

“Elə isə, Xeyirin nəyindən qorxacağam?!” – Diogen cavab verir.

“Nə dilərsən, dilə məndən!”

“Çəkil, günəşin qabağını tutma”…

 





19.07.2022    çap et  çap et