Vaxt.Az

“Sən öz vədinə əməl etməmisən”


 

Millət vəkili: “Nazirlər və səlahiyyətlilər Urmiya gölü barədə məlumat vermək istəmirlər”

“Sən öz vədinə əməl etməmisən” Güney Azərbaycanın qərb əyalətinin mərkəzi Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhulla Həzrətpur İbrahim Rəisini sərt tənqid edib və onu Urmu gölünün bərpası ilə bağlı vədinə əməl etəməkdə günahlandırıb.

“Sən öz vədinə əməl etməmisən. Necə olur ki, Qərbi Asiyanın ətraf mühit problemini həll etmək iddiasında olduğun bir halda Urmiya gölünün probleminin həllindən aciz qalmısan”, – deyə, Həzrətpur Rəisiyə sual unvanlayıb.

O, dediyi sözlərin bunun bütün azərbaycanlıların ürək sözü olduğunu deyib.

Millət vəkilinin sözlərinə görə, dünya Urmu gölünün durumuna diqqət yetirdiyi halda hökumət bu ekoloji fəlakətə məhəl qoymur.

“Bütün müraciətlərə, çağırışlara baxmayaraq, enerji naziri və başqa səlahiyyətlilər Urmiya gölü barədə məlumat vermək istəmirlər. Sanki bu gölün 95 faizi qurumayıb, bərpa işləri üçün ayrılan pullar göyə sovrulmayıb”, – deyə, Urmiyanın millət vəkili İranın enerji nazirini Urmu gölü barədə statistikanı gizlətməkdə ittiham edib.

Qeyd edək ki, bir neçə gün öncə Ruhulla Həzrətpur Urmiya gölü barədə danışmış və bərpa işlərinin səmərəsiz olduğunu demişdi.

Ruhulla Həzrətpur bildirmişdi ki, Urmu Gölünün Bərpası Qərargahının əslində “Urmu gölünün məhv edilməsi qərargahı” adlandırılması daha doğru olardı. O, adı çəkilən qərargahın səmərəli iş görmədiyini vurğulamışdı.

Millət vəkilinin sözlərinə görə, Urmiya gölünün quruma səbəbinin 18 faizi iqlim dəyişiklikləri ilə, 82 faizi hökumət və əlaqədar qurumların yanlış idarəçiliyi ilə bağlıdır.

O, yaz aylarında yağıntıların çoxaldığına görə göldə müvəqqəti olaraq nisbi su artımının hökumətin bərpa fəaliyyətlərinin hesabına yazılmasını absurd adlandırıb.

 





19.07.2022    çap et  çap et