Vaxt.Az

“Aİ ilə əməkdaşlıq öz bəhrəsini verəcək”


 

Robert Sekuta: “Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyinə vacibdir”

“Aİ ilə əməkdaşlıq öz bəhrəsini verəcək” İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycanın Avropanın Rusiya enerjisindən asılılığını azaltmaqdakı rolundan, bu sövdələşmənin Azərbaycan üçün faydaları və risklərindən danışıb.


– Səfir Sekuta, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 18-də Azərbaycan Prezdienti İlham Əliyvelə memorandum imzalayıb. Bu memoranduma əsasən, Azərbaycan Cənub qaz dəhlizi vasitəsilə Avropa İttifaqına qaz tədarükünü 2027-ci ilədək hər il azı 20 milyard kub metr artırmağı vəd edib. Sizcə Azərbaycan Avropanın Rusiya enerjisindən asılılığını azaltmaqda nə qədər rol oynaya bilər.

– Məncə buna ən qısa cavab ən doğru cavabdır. Azərbaycan hazırda kritik rol oynaya bilər. Avropaya nəql edilə bilən hər bir molekul çox vacibdir. Azərbaycanın əlavə təbii qaz nəql edə bilməsi həm yaxın gələcəkdə Avropanın hazırkı enerji təhlükəsizliyi baxımından çox vacibdir, həm də Avropanın istədiyi yaşıl enerjiyə keçid üçün vacibdir.

Bilirəm, çox güman ki, hazırda çox qaz istehsal oluna bilmədiyinə görə məyusluq mövcuddur. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Rusiya neftinin alışından əldə olunan hər gəlirin bu münaqişəni maliyyələşdirmək üçün Kremlin büdcəsinə axması səbəbilə buna böyük diqqət ayrılır.

Ancaq əlbəttə ki, reallıq budur ki, qazı yerdən çıxarmaq və onu nəql etmək vaxt alır. Məncə bu razılıq iki səbəblə çox vacibdir. Birincisi, Azərbaycanın Avropa və dünyanın enerji təhlükəsizliyinə yardım etməkdəki davamlı rolunu, ikincisi isə, bunun zaman alacağını dərk etmək lazımdır.

Razılıqdakı müddəalardan biri cənub qaz dəhlizinin genişləndirilməsinin maliyyələşdirilməsi ilə bağlıdır. Və bəli, Azərbaycan və Avropa İttifaqının bunun üzərində birlikdə işləməsi mühüm bir məqamdır. Ancaq razılıqda başqa vacib məqamlar da var, xüsusilə də yaşıl gələcək üçün. Məncə bu, irəliyə doğru atılan çox mühüm bir addımdır.


– Memorandumun məqsədi Avropanın Rusiya enerjisindən asılılığını azaltmaqdır. Bəs onun Azərbaycan üçün faydası nədir?

– Düşünürəm ki, bu sövdələşməyə daxil edilməyən, amma bizim nəzərə almalı olduğumuz bir başqa məsələ geniş Xəzər regionudur. Son həftələrdə Rusiya Qazaxıstanın enerji ixraclarını kəsib. İrəlidə Türkmənistandan böyük həcmdə təbii qazın çıxarılması potensialı var. Bunlar da bizim nəzərə almalı olduğumuz məsələlərdir. Ancaq məncə bu razılıq həm də Aİ-nin enerji siyasətində bir dəyişiklikdir, çünki bir neçə il öncə komissiya gələndə diqqət təkcə karbohidrogenin aradan qaldırmağa yönəlmişdi.

Bu isə daha realistik bir vəziyyətdir və vəziyyətə daha realistik bir baxışdır. Bəli bu, daha yaşıl bir gələcəyə bir baxışdır. Avropanın hazırda əziyyət çəkdiyi istilik dalğalarına baxın. Mən bu gün Azərbaycandakı dostlarımla da danışmışam, orada da vəziyyətin necə olduğunu bilirəm. Burada, Yeni İngiltərədə də istidir. Biz iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq, amma bunu dərhal edə bilmərik.

Ona görə də, Azərbaycanın və regiondakı başqa ölkələrin oynaya biləcəyi rol çox böyükdür. Və məncə əhəmiyyətli olanda məhz budur. Adi Azərbaycan vətəndaşı üçün isə bunun əhəmiyyəti Avropa ilə davamlı əlaqə və bunun ölkəyə gətirəcəyi gəlirdir.


– Bu cür sövdələşmələr Azərbaycan üçün Rusiya tərəfindən hər hansı risk yaradırmı?

– Məncə əsas suallardan biri elə budur. Amma məncə bu Azərbaycan rəhbərliyinin hesabladığı bir şeydir.

Sən azərbaycanlı olub, regionda Rusiya, İran və Çinin ambisiyaları, Ermənistanla və regiondakı digərləri ilə olan vəziyyət baxımından nələrin baş verdiyini izləməyə bilməzən. Ona görə də, zənnimcə onlar bunu aydınlaşdırıblar. Ruslar bunun baş verdiyi bilir və açıqlamaladakı sözlərdən aydındır ki, razılığa gətirib çıxaran amillərdən biri Rusiyanın Ukraynadakı əməlləridir. Ancaq məsələ ondadır ki, Azərbaycan son 30 ildə alternativ olaraq mühüm rol oynayıb. Azərbaycanın coğrafiyasını, İran və Rusiya ilə sərhəd bölüşən yeganə ölkə olduğunu nəzərə aldıqda, ora bu boru kəmərlərinin nə ruslar nə də iranlılar tərəfindən bloklanmadan Avropaya axa bildiyi yeganə kursdur. Bu baxımdan bu, yeni bir inkişaf deyil.

Mən bilirəm ki, ruslar keçmişdə heç də bu boru kəmərlərindən məmnun olmayıblar, amma onları qəbul edib, bəzi hallarda hətta onlardan istifadə ediblər. Ona görə də, mən müəyyən dərəcədə inanıram ki, Azərbaycan rəhbərliyi, xarici işlər naziri və başqaları bunu nəzərə alıblar, bu barədə düşünüblər.

Mən həm də demək istəyirəm ki, Amerikanın nöqteyi-nəzərindən, zənnimcə bu, Birləşmiş Ştatların da Azərbaycanla əlaqə qurduğu sahədir. Və bu da vacibdir. Ona görə, düşünürəm ki, ABŞ-la Azərbaycan arasında illərdir mövcud olan diplomatiya və əməkdaşlıq işləyib və Aİ ilə Azərbaycan arasında da bu əməkdaşlıq öz bəhrəsini verməyə davam edəcək.


– Rusiyadan qaz tədarükü azaldığı üçün Avropa alternativ enerji mənbələri axtarır və bunun üçün də insan hüquqları və demokratiya sahəsində problemləri olan ölkələrə üz tutur ki, onlardan biri də Azərbaycandır. Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə onların xarici həmkarları arasında görüşlər zamanı isə çox vaxt bu məsələlərə diqqət ayrılmır. Sizcə bunun səbəbi nədir? Enerji sövdələşmələrində insan hüquqları məsələsi bir amil olmalıdırmı?

– Prezident Baydenin Səudiyyə Ərəbistana səfərinin Birləşmiş Ştatlarda mətbuatda işıqlandırmasına baxsanız, krallıqda insan hüquqları və Xaşuqçinin başına gələnlərlə bağlı narahatlıqlar mövcuddur.

Mən Avropa Komissiyasının paylaşdığı bəyanata baxanda orada deyilir ki, Aİ enerji ilə bağlı razılıq əldə ədib, ancaq orada həmçinin Aİ-nin Azərbaycanla əldə etdiyi daha ümumi razılıq barədə yazılıb ki, ora ticarət investisiyaları daxildir. Ancaq orada həmçinin vətəndaş cəmiyyətinin roluna diqqət yetirməyin zəruriliyindən, o cümlədən insan haqları və qanunun aliliyindən bəhs edilir.

Birləşmiş Ştatlar üçün də bunlar davam edən amillərdir. Bu cür danışıqlarda reallıq ondan ibarətdir ki, bu məsələlər müzakirə olunur, amma bu o demək deyil ki, onlar açıq şəkildə müzakirə olunur. Mənim diplomatiyada öyrəndiyim şeylərdən biri odur ki, daha səmimi ola biləcəyin bağlı qapılar arxasındakı sakit müzakirələrdən daha çox nəticə əldə edə bilərsən. Mən Aİ-nın adından danışa bilmərəm, amma ABŞ bu məsələlərlə bağlı müzakirələrində səmimidir. Mən bilirəm ki, Azərbaycan tərəfi də bizimlə məsələləri müzakirə etdiyində səmimidir. Onların da bizimlə olan əlaqələrində dəyişməsini istədikləri şeylər var. Yəni bu məsələləri müzakirə edirsən, ancaq irəli doğru aparan yolu tapmağa çalışırsan. Mən burada bir şeyi əlavə edərdim ki, məncə enerji haqda danışdığımıza çox vacib bir məqam odur ki, qanunun aliliyi çox vacibdir. Müqavilələri düşünün. Orada çox pul var, onlar sektor üçün böyük əhəmiyyət kəsb edir, ona görə də qanunların necə işlədiyini, necə tətbiq olunduğunu, münaqişələr olduğunda, nə isə düz getməyəndə, onu necə həll etməli olduğunu başa düşmək lazımdır. Və bunların hamısı qanunun aliliyinin bir hissəsidir.

İkincisi, bu çox təhlükəli bir peşədir. İşçilərin qayğısına necə qalmaq lazımdır, qazma qurğularında və neftayırma zavodlarında təhlükəsizlik necədir və sairə. Bunlar da müzakirə olunmalı amillərdir. Mən Birləşmiş Ştatlarda enerji şirkətləri ilə söhbətlərimdən deyə bilərəm ki, onlar adətən deyirlər ki, bunlar onların xarici enerji tərəfdaşları ilə müzakirə etdiyi şeylərdir. Yəni bunların xəbər başlıqlarında yer almaması o demək deyil ki, onlar müzakirə olunmur. Və diplomatiyada olan bir çox şeydə olduğu kimi bu razılığa baxanda da görürsən ki, onlar enerji təchizatını 2027-ci ilədək artırmaqdan bəhs edirlər. Bu isə gələcəkdə olacaq bir şeydir. Biz nə qədər belə olmasını istəsək də, bu cür şeyləri tez bir zamanda həll etmək mümkün deyil.

 





20.07.2022    çap et  çap et