Vaxt.Az

Rusiya qazını hara yönəldəcək?


 

Moskva Avropa bazarını Çinlə əvəz edə bilməz

Rusiya qazını hara yönəldəcək? Rusiya Avropa ölkələrinə qaz nəqlini azaldıb. Brüssel Avropa Birliyi ölkələrini xəbərdar edib ki, ümumiyyətlə bu qış Rusiyadan qaz almaya bilərlər. Moskva özü də Avropaya qaz ixracını dayandırmağa hazırlaşır. Avropa alternativ bazarlar axtarır. Brüsselin Bakı ilə imzalasığı enerji sazişi də bununla bağlıdır.

Kremlin ümidi Çin bazarınadır. Rusiya Avropaya sata bilməyəcəyi qazı Çinə nəql etməyi planlaşdırır. Ancaq hazırkı rəqəmlər Kreml üçün ümidverici deyil. Rusiya hazırda Çinə il boyu 4.5 milyard dollar dəyərində qaz sata bilir. Kremlin Çinə uzanan qaz boru xəttini genişləndirmək üçün ən azı 30 milyard dollar yatırım qoyması lazımdır. İndiki sanksiyalar rejimində Rusiyanın valyuta ehtiyatı tükənə bilər.

Çinin illik qaza olan tələbatı 340 milyard kubmetrdir. Çinin iqtisadiyyatı artdığından 2025-ci il üçün qaza olan tələbatı 450 milyard kubmetrə çata bilər. Ancaq Pekin qaz idxalında bir dövlətdən asılı olmaq istəmir. Rusiya Çinə qazın nəqlində sadəcə üçüncü sırada qərar tutub. Çin qazı Mərkəzi Asiya ölkələrindən də idxal edir.

Rusiyalı ekspertlər Çinin Rusiya üçün Avropa bazarını əvəz edəcəyi məsələsində optimist deyillər. Rusiya 2021-ci il ərzində Avropa ölkələrinə 155 milyard kubmetr qaz nəql etmişdi. Bu həcmin tamamını Çinə yönəltmək praktik baxımdan mümkün deyil. Rusiyanın “Gazprom” şirkəti 2025-ci il üçün Çinə qaz nəqlini 50 milyard kubmetrə çatdırmaq istəyir. Bu məqsədlə iki ölkəni birləşdirən “Sibirin gücü” boru xəttindən istifadə ediləcək. Ancaq bu boru xəttinin imkanları məhduddur. Ona görə də Rusiya sürətlə “Sibirin gücü – 2” boru xəttinin tikintisini bitirməyə çalışır. Ancaq boru xəttin Sibirdəki zəngin qaz yataqlarına uzadılmalıdır. Müxtəlif hesablamalara görə 1400 kilometrlik boru xətti çəkilməlidir. Bunu isə ən yaxşı halda 2027-ci il üçün bitirmək olar. Digər tərəfdən yeni boru xəttinin tikintisinə əlavə təxminən 14 milyard dollar xərclənməlidir.

Beləliklə, Rusiya Avropa bazarından imtina etsə də, ən azı 5 il ərzində bu bazarı əvəz edəcək məkan tapa bilməyəcək. Bu o deməkdir ki, Rusiyanın 5 il ərzində qaz satışından gəlirləri və büdcəni doldurmaq üçün resurslar azalacaq.

 





21.07.2022    çap et  çap et